USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Birinci Yüzbaşılıda yeni məktəb tikiləcək

05.11.2018 Bank
0 0
Azərbaycan Respublikası Prezidenti, Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında Sərəncam imzalayıb.

"Kommersant.az" Azərtaca istinadla xəbər verir ki, son illərdə Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülüb, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Qarabağ Atçılıq Kompleksi, Ağdam Rayon Mərkəzi Xəstəxanası və Uşaq Xəstəxanası, Doğum Evi, Bayraq Meydanı və Bayraq Muzeyi, Avtovağzal Kompleksi tikilib, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, xalçaçılıq müəssisəsi yaradılıb, ümumi uzunluğu 72,7 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulub, 39 ümumtəhsil məktəbi istifadəyə verilib. Bundan başqa, 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilib, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri həyata keçirilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ağdam rayonunda yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədilə qərara alıram:

1. Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2018-ci il.