Ölkədə fəaliyyət göstərən banklar hər rübün sonunda hesabatlarını saytlarında yerləşdirir. Bu formada hesabatın yayılması xəstəxanalar üçün də arzuolunandır. Məsələn: rüb ərzində xəstəxanaya nə qədər xəstə müraciət edib, bunlardan neçəsi ölüb, ölüm səbəbləri və s.
"Kommersant.az" xəbər verir ki, ölkədə fəaliyyət göstərən 750-yə yaxın dövlət xəstəxanası isə hesabat verməkdən yayınır.
Səbəbi araşdırmaq üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən məsələ ilə bağlı redaksiyamıza verilən açıqlamada bildirdilər ki, dövlət xəstəxanaları Dövlət Statistika Komitəsinə rüblük hesabat verirlər:
"İllik hesabat isə Kollegiyada səsləndirilir, qəbul olunur və mətbuata yayılır. Özəl klinikaların isə Nazirliyə heç bir aidiyyatı yoxdur. Onlar haqqında yalnız şikayət daxil olarsa, araşdırma aparıla bilər".
Hüquqşünas Əkrəm Həsənov isə "Kommersant.az"a açıqlamasında qeyd edib ki, hər bir hüquqi şəxs illik auditdən keçməlidir:
"İllik maliyyə hesabatı, audit rəyi ilə birlikdə prinsipcə hər bir hüquqi şəxs tərəfindən açıqlanmalıdır. Ancaq ayrı-ayrı hüquqi şəxslər üçün nəzərdə tutulmuş qanunvericilikdə xüsusi normalar var. Məsələn, banklara dair rüblük hesabatlar.
Tibb müəssisələri öz vəsaitləri ilə fəaliyyət göstərir. Onların hesabat verməməsi gözləniləndir. Dövlət xəstəxanalarının maliyyə hesabatını açıqlaması üçün ictimai maraq elə də böyük deyil. Banklar isə əhali və sahibkarlardan cəlb edilmiş vəsaitlər hesabına fəaliyyət göstərir. Ölkədə fəaliyyət göstərən hüquqi şəxslərin əksəriyyəti vergidən yayınır. Bankların maliyyə hesabatları nisbətən onların real vəziyyətlərini əks etdirir. Çünki banklar üzərində xüsusi nəzarət var" -deyə Ə.Həsənov bildirib.