“FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatının ölkə üzrə direktoru Timoti Tarrant bəyan edib ki, şirkət devalvasiyadan sonra yaranmış bütün çətinlikləri artıq geridə qoyub və 2018-ci ilin 4-cü rübündən başlayaraq yenidən inkişaf etməyi qarşıya hədəf qoyub. Direktorun sözlərinə görə, şirkət son üç ili kredit portfelininin idarə olunması və əməliyyatların səmərəliliyinin artırılmasına sərf edib.
“Şirkətimiz 2017-ci ili mənfəətlə başa vurub və 2018-ci ildə də daha yaxşı maliyyə nəticələrinin olmasını gözləyirik”, - deyə kredit təşkilatının rəhbəri bildirib. Timoti Tarrant onu da qeyd edib ki, “FINCA Azerbaijan” ölkədə devalvasiyadan sonra yaranmış iqtisadi çətinliklərin öhdəsindən uğurla gələrək, səhmdarların şirkətin nizamnamə kapitalını 2018-ci ildə artırmasına da nail olub.
Şirkət rəhbərinin sözlərinə görə, 2019-cu ildə səhmdarlardan əlavə kapital cəlb edilməsi də nəzərdə tutulub ki, bu da “FINCA Azerbaijan”ın regionlarda kiçik sahibkarlara göstərdiyi maliyyə xidmətlərini daha da genişləndirməyə imkan verəcək. “FINCA 2019-cu ilin birinci rübündən etibarən yeni fililallar açmağı planlaşdırır. Şirkət gələcəkdə öz fəaliyyətini genişləndirməklə, maliyyə bazarında layiq olduğu mövqeyini yenidən qazanmaq istəyir”, - deyə Timoti Tarrant bildirib.
Direktorun sözlərinə görə, FINCA qlobal olaraq, son illər müştərilərə göstərilən xidmətin səviyyəsini artırmaq və əməliyyat xərclərini azaltmaq məqsədi ilə yeni fintexnologiyadan istifadə edir. Bu yeniliyin inkişaf etdirilməsi və qlobal olaraq istifadəsinin sınaq mərhələsinin uğurla aparılması işində “FINCA Azerbaijan”ın da böyük töhfələri olub.
“FINCA Azerbaijan”ın direktoru Timoti Tarrant onu da bildirib ki, FINCA ölkənin maliyyə bazarında geniş imkanlar olmasının fərqindədir və Azərbaycanın maliyyə bazarındakı vəziyyətlə bağlı nikbindir.
Qeyd edək ki, “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Azərbaycanda fəaliyyət göstərən aparıcı mikromaliyyə institutu olaraq, kənd təsərrüfatı daxil olmaqla, ölkə üzrə kiçik sahibkarlara müxtəlif kredit məhsulları təklif edir.
“FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəbkəsinin bir hissəsidir. Bu şəbəkə fintexnologiyadan istifadə edərək aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. Əlavə məlumat üçün www.finca.az və www.fincaimpact.com saytını ziyarət edə bilərsiniz.