USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların tualet problemi - “Aşığın sözü qurtaranda nanay-nanay deyir”

20.11.2018 Bank
0 0
Yəqin ki, ilin əvvəlində “Unibank”da yaşanan ayaqyolu problemi çoxlarının yadındadır. Həmin hadisədən banklarımızın hansı nəticəni çıxardığını müəyyən etmək üçün kiçik bir sorğu keçirdik.

"Kommersant.az" ölkə banklarına filiallarda müştərilər üçün ayaqyolu qoyulub qoyulmadığı ilə bağlı sual ünvanladıq. Nəticələr düşündüyümüzdən maraqlı oldu. Belə ki, bəzi bankların marketinq menecerləri suala dırnaqarası yanaşdı. Onlar nədənsə bu mövzunu qeyri-ciddi, sualı isə sayt olaraq yaratdığımız imicə uyğun hesab etmədilər. Halbuki dünya səviyyəsində qlobal problem kimi qəbul olunan, hər il milyonlarla insanın ölümünə səbəb olan tualet yoxluğu, sivil cəmiyyətin əsas mədəniyyət göstəricilərindən biri kimi qəbul olunur. Çox uzatmadan keçid alırıq banklardan verilən maraqlı cavablara:

Kapital Bank – “Saytınız çox dəyər verdiyimiz saytdır, amma biz belə bir sorğuda iştirak etmək istəmirik. Bizə faizlə, kreditlə, gəlirlə, çıxarla bağlı suallar versəniz, daha xoş olar. Bu kimi sualları da əslində etik saymıram və nə sizə, nə də öz imicimizə yaraşdırmıram”.

Muğanbank – “Bəli, əlbəttə var. Bütün filiallarımızda müştərilərin rahat şəkildə istifadə edə biləcəyi ayaqyolu mövcuddur. Bizim üçün müştərilərimizin rahatlığı əsas prioritetdir”.

ExpressBank - Bu bankın marketinq meneceri ilə əlaqə saxlaya bilmək üçün 16 dəqiqə 24 saniyə xəttə gözlədildik. Sonda aldığım cavab isə “Marketinqə bağlana bilmirik. Əlaqə nömrəsi qoyun, biz sizinlə əlaqə saxlayacayıq” oldu və bankdan xəbər gəlmədi. Bankın müştəri sorğularını necə cavablandırdığı da insanı düşündürür, doğrusu.

Günay Bank – Bankın çox səbrli və nəzakətli marketinq meneceri ilə bir sıra məsələləri müzakirə etdikdən sonra müəyyən oldu ki, burada da müştərilər üçün istifadəyə verilən ayaqyolu yoxdur. Marketinq meneceri qeyd etdi ki, müştərilərin rahatlığı və istəkləri bankın öncəliyidir. Amma bununla belə bəzi filialların kiçikliyi də nəzərə alınarsa, sözügedən şəraiti qurmaq mümkünsüzdür.

Unibank – “Bank strateji bir obyekt sayıldığından dünya praktikasında olduğu kimi “Unibank” filiallarında da müştərilərin ayaqyolundan kütləvi istifadəsi məhduddur. Yalnız xüsusi hallarda (müştərinin yaşı, səhhəti) müştərinin bununla bağlı müraciətinə fərdi qaydada baxılır”. Bankın marketinq meneceri bizə cavabı olduğu kimi yazmağımızı istədiyi üçün nə nöqtəyə, nə də vergülə toxunmadıq.

Müşahidələr göstərir ki, necə deyərlər “Aşığın sözü qurtaranda nanay-nanay deyir”. Hansı bank sualımızı cavablandırmaqda çətinlik çəkdisə, “ayıbdı, bu mövzunu müzakirəyə çıxarmağa ehtiyac yoxdur” dedi. Əziz bank menecerləri, gərək ki, siz cavabınızı verərdiniz, ayıb da bizim, hətta xəbərin müəllifi olaraq birbaşa mənim ayıbım olardı. Banklarımıza bizə “etikadan kənar” mövzulardan uzaq durmağı məsləhət biləcəklərinə, xüsusən müştərilərin saatlarla sıra gözlədiyi banklarda ayaqyoluları təşkil etməyi məsləhət görərdik.