Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri Əbülfəz Sadıqbəyli noyabrın 21-də Bakıda saxlanılıb. Bu gün Səbayel Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Fəala qarşı dələduzluq ittihamı irəli sürülüb.
“Kommersant.az” xəbər verir ki, bu barədə Müsavat Partiyasının rəhbəri Arif Hacılı bildirib. A.Hacılı hesab edir ki, Ə.Sadıqbəyli uydurma ittihamla həbs olunub.
Onun məlumatına görə, Ə.Sadıqbəyli bir neçə il öncə "Nikoil Bank"dan aldığı və artıq ödənilmiş kreditlə bağlı cinayət işilə əlaqədar həbs edilib.
"Kreditin qaytarılmasına dair sənədlər var. Lakin bank sənədləri saxtalaşdırıb. Əvvəlcə Əbülfəz Sadıqbəyli iş üzrə şahid kimi dindirilib, ancaq biləndə ki, Müsavat Partiyası Gənclər Təşkilatının sədridir, istintaq ona qarşı yönəlib", - A.Hacılı bildirib.
O hesab edir ki, Ə.Sadıqbəyliyə qarşı cinayət işi onun siyasi fəaliyyətilə bağlıdır və Müsavat Partiyasının təqib olunması siyasətinin tərkib hissəsidir.
Partiya Ə.Sadıqbəylinin dərhal azad edilməsini və əsl günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.