2018-ci ilin 9 ayında valyuta bazarı özünü tənzimləmə rejimində fəaliyyət göstərmiş və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə uyğun formalaşıb. Ölkənin xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar 2018-ci ilin 9 ayında valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcminin artması müşahidə edilib.
"Kommersant.az" bu barədə, Azərbaycan Mərkəzi Bankının (AMB)2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında bildirilir.
İcmalda qeyd edilib ki, qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 17.7 mlrd. ABŞ dollar ekvivalentində olub. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%- i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılıb.
Qeyri-nağd valyuta əməliyyatlarının 66.9%-i banklararası valyuta bazarında (BVB), 33.1%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.
Hesabat dövründə BVB-də ABŞ dolları ilə aparılmış əməliyyatların 53.6%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BVB-da valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının həcmi 11.8 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 51.2%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 92.6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 5 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 3.9 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.
2018-ci ilin 9 ayında da Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi məqsədilə hərracların təşkili davam etdirilib. Valyuta hərracları həftədə iki dəfə keçirilir, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilir.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində AMB tərəfindən ümumilikdə 75 valyuta hərracı keçirilmişdir. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 4 milyard 289.4 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin yanvar-sentyabr aylarında da manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib.
Dövr ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7000 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Dövr ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6960, satış məzənnəsi isə 1.7023 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.2% (0.004 manat), satış məzənnəsi ilə isə 0.1% (0.0023 manat) olub.
Dövr ərzində manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 58.3%, Avroya qarşı 2.6%, İngiltərə funt sterlinqinə qarşı 2.9%, Rus rubluna qarşı 13.9% möhkəmlənib.
İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. 9 ayda manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 8.8% möhkəmlənib.
NEM-in 15.2% bahalaşması REM-ə artırıcı, tərəfdaş ölkələrlə inflyasiya fərqləri isə azaldıcı təsir etmişdir. 2014-cü ilin sonundan bəri isə manatın real effektiv məzənnəsi 30.6% ucuzlaşmışdır ki, bu da qeyrineft sektorunun rəqabət qabiliyyətini dəstəkləyən faktordur.