Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nı təsdiq etdi.
"Kommersant.az" xəbər verir ki, “Qayda” Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini almaq və satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı ümumi məsələləri müəyyən edir.
Kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Qaydaya görə, satmaq öhdəliyi ilə kirayə müqaviləsi - kirayə müddətində kirayəçiyə yaşayış sahəsini satın almaq hüququ verən və yaşayış sahəsini kirayəçinin istifadə etməsi, aylıq ödənişin müəyyənləşdirilməsi və ödənilməsi, habelə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fondla kirayəçi arasında bağlanan müqavilədir.
Eyni zamanda kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Müraciət etdiyi tarixə isə kirayəçinin bank kreditləri və digər borcları olmamalıdır.
Tam təmirli mənzil 25 ilə qədər kirayəyə veriləcək
Qaydalara görə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş mənzil alınacaqdır. Sonra alınan mənzil, müraciət edən vətəndaşa kirayə müqaviləsi ilə üç ildən 25 ilədək kirayəyə veriləcək.
Bu zaman bir şərt var ki, kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən ödəməlidir. Yəni, 1 illik kirayə haqqı öncədən ödənilməli olacaq.
Mənzilin kirayə müqaviləsində nəzərdə tutulmuş alış qiymətini kirayəçi tam ödədikdən sonra Fond yaşayış sahəsini kirayəçinin mülkiyyətinə verəcək və beləliklə o, kirayəçi mənzilin tam sahibi olduğunu göstərən sənəd – “kupça” alacaq.
Bir şərt də var ki, kirayə müqaviləsi bağlanıldıqdan sonra mənzilin alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir. Yəni, kirayəçi borcunu 3 ildən tez bağlaya bilməz. Bu isə təbii ki, ödənilməsi nəzərdə tutulan kirayə haqqının Fondun xərclərini bağlaması ilə bağlıdır.
Aylıq ödəniş şərtləri
Kirayə müqaviləsi üzrə aylıq ödəniş hər ay bərabər hissələrə bölünüb ödəniləcək. Bu məbləği Fond aşağıdakı halları nəzərə almaqla hesablayacaq:
- yaşayış sahəsini (mənzili) Fondun satın aldığı qiymət, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclər;
- Fondun bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyəri;
- kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə yaradılan ehtiyatlar üzrə ayırmalar;
- yaşayış sahəsini Fondun saxlaması, sığortalaması və idarə etməsi ilə bağlı bütün xərclər.
Başqa sözlə, Fond aylıq kirayə haqqını müəyyən edən zaman mənzilin dəyəri ilə bərabər, həmin mənzilin alınmasına sərf etdiyi vəsaitə görə ödədiyi faizi (əgər vəsait Fond tərəfindən borc alınmışdırsa), mənzilin satın alınması zamanı çəkilən xərcləri, öz xərclərini, sığorta xərclərini və s. nəzərə alacaq.
Qeyd edilir ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrinə dair məlumatları (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı və s.) rəsmi internet saytında və “Elektron ipoteka və kredit zəmanət” sistemində yerləşdirəcək.
Müraciətlər elektron sistemlə qəbul olunacaq
Kirayə müqaviləsinin bağlanılması üçün müraciət elektron sistemlə həyata keçiriləcək. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq.
Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq.
Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək və kirayəçi mənzilə köçüb yaşaya bilər.
Kirayəçi aylıq ödənişi 60 gün müddətində ödəmədikdə isə Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququna malikdir.
Qaydalarda kirayəçinin gəlirinə, iş yerinə dair tələblər yoxdur və keçid müddəada göstərilir ki, elektron sistem fəaliyyətə başlayanadək, bu Qaydanın 5-ci hissəsi ilə nəzərdə tutulmuş əməliyyatlar yazılı formada həyata keçirilməlidir.