Bağ evlərinin qeydiyyatı ilə bağlı hansı problemlər var? - TƏHLİL
Bağ evi məfhumu öz mahiyyətini itirib
Vaxtilə vətəndaşlara həmin ərazilərdəki bağ sahələri, bu sahələrdə əkilmiş bəzi meyvə ağacları və ya çox az miqdarda rast gəlinən tikililərlə birlikdə müvəqqəti istifadəyə verildiyi üçün, bu bağ sahələrində əsaslı tikintiyə icazə verilməyib və yalnız müvəqqəti xarakterli mövsümi istifadə üçün yüngül konstruksiyalardan ibarət evlər quraşdırılmasına icazə verilib. Belə evlər bağ evləri adlandırılır və daşınmaz əmlak hesab edilmədiyi üçün dövlət uçotuna daxil edilmirdi. Lakin qoyulmuş bu tələblərə zaman-zaman kütləvi şəkildə riayət edilməyib və bağ sahələrində əsaslı tikinti şəklində yaşayış evləri inşa edilib, əksər hallarda isə heç bir mərzçəkmə işləri aparılmadan torpaq sahələrinin sərhədləri boyunca hündür hasarlar tikilib ki, belə bağlar mahiyyət etibarı ilə daha çox tarixi qalaları xatırladır. Beləliklə də Azərbaycanda bağ evi məfhumu öz mahiyyətini tədricən itirib.
Aylıq 275 manat ödənişlə 2 otaqlı təmirli mənzil satışına başlandı
Göründüyü kimi, qanunda xarakterizə edilən əşya yalnız ayrıca tikilmiş yaşayış evini səciyyələndirir. Yaşayış evinə xidmət edən həyətyanı torpaq sahəsi və bu sahədə yerləşən və həmin evə bilavasitə xidmət etmək üçün nəzərdə tutulan digər tikili və qurğular, həmçinin sərhəd boyu haşiyələnmiş hasarlarla birlikdə ev sahibliyi daha çox yuxarıda qeyd olunan “qala” ifadəsinə uyğun gəlir ki, bunun da qanunvericiliklə tənzimlənməsi daha məqsədəuyğun olardı.
Bağ evlərinin sərhədləri müəyyənləşdirilməlidir
Bağlar Təsərrüfatı Tresti yaranan dövrlərdə vətəndaşların istifadəsində olan bağ təsərrüfatlarının torpaq sahələri əksər hallarda 2500 kvadratmetr ölçüsündə olduğundan bu yeni yaranan qurum tərəfindən müvafiq müqavilələrlə vətəndaşların istifadəsinə verilən torpaq sahələrinin ölçüləri də həmin rəqəmlərlə ifadə olunub və bu müqavilələr hər 10 ildən bir yenilənib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 1991-ci il tarixli 21 nömrəli “Tikililərdən, torpaq sahələrindən və material ehtiyatlarından səmərəli istifadə haqqında” qərarı ilə bağ icarəçilərinə, bağ-tikinti və bağçılıq –yoldaşlıqlarının üzvlərinə hər ailə üçün 1200 kvadratmetr torpaq sahəsi miqdarında mülkiyyət hüququ əldə etmək norması müəyyənləşdirildiyindən, bu normadan artıq olan torpaq sahələri növbəti müqavilələr bağlanan zaman uzun illərdən bəri vətəndaşların faktiki istifadəsində olsa da, bir çox hallarda süni şəkildə sənədləşmələrdən kənarda qalıb.
Bununla yanaşı nəzərə almaq lazımdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 avqust 1996-cı il tarixli 1124 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağların, bağ sahələrinin xüsusi mülkiyyətə verilməsi haqqında Qaydalar”ın 6-cı bəndi ilə “əgər bağ icarəçilərinin və ya bağ tikinti kooperativi üzvlərinin qanuni istifadəsindəki bağlarının, bağ sahələrinin ümumi torpaq sahəsi 0,05 hektara qədər artıq olarsa və bu artıq hissələri digər torpaq sahələri ilə birləşdirib əlavə bağlar, bağ sahələri yaratmaq mümkün deyilsə, həmin artıq hissələrə keçid yolu yoxdursa, həmin bağların, bağ sahələrinin bütünlüklə onların xüsusi mülkiyyətinə verilməsi” nəzərdə tutulub.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda çox az hallarda bağ sahələri tapmaq mümkün olar ki, bağın faktiki torpaq sahəsi onun istifadə və ya mülkiyyət hüququnu təsdiq edən sənədlərdəki sahələrlə eynilik təşkil etsin. Bu baxımdan əlavə torpaq sahələrinin yuxarıda qeyd olunan normativ sənədin tələblərinə uyğun şəkildə kütləvi qaydada sənədləşdirilməsi imperativ bir norma kimi qəbul edilərək icrası qanunvericiliyə uyğun şəkildə təmin edilməlidir. Məsələnin bu cür sistematik şəkildə həlli büdcəyə külli miqdarda əlavə gəlirlər gətirməklə yanaşı, həm də insanların uzun illərdən bəri həll etmək istədikləri problemlərin icrası qısa zaman ərzində təmin edilmiş olar.
Bağ sahələrinin rəsmiləşdirilməsi zamanı bəzi hallarda qarşıya çıxan daha bir problem ondan ibarətdir ki, yuxarıda qeyd edildiyi kimi Böyük Vətən Müharibəsindən sonra Bakı əhalisinin yay aylarında istirahətinin daha səmərəli təmin edilməsi üçün Bakı şəhərinin ətrafındakı kolxozların torpaq sahələrinin bir hissəsi fərdi bağçılığın inkişaf etdirilməsi məqsədilə Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin idarəçiliyinə verilsə də bu bağ massivlərinin sərhədlərini özündə ehtiva edən hər hansı bir sənəd (xəritə) tərtib edilməyib.
Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi 2007-ci ildə ləğv edilərək arxiv materialları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilərkən bildirilib ki, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən aidiyyəti qurumlar qarşısında qeyd edilən sənədin (xəritənin) tərtib edilməsi barədə bir neçə dəfə təşəbbüs qaldırılsa da maliyyə problemi ucbatından vaxtilə belə bir sənəd hazırlanmayıb.
Yaranmış vəziyyətdən çıxış yolu kimi Birliyin hər bir bağ massivinə məsul mühəndisi özləri üçün ixtiyari bir sxem düzəldərək istifadə edib və bu sxemlər üzrə bağ sahələrinin yerləri müəyyənləşdirilib ki, bu da bağ torpaq sahələrinin ayrılmasında və yerinin müəyyənləşdirilməsində uzun illər boyu pərakəndəliklər yaradıb və beləliklə də əlavə torpaq sahələrinin zəbt edilməsi, bağların yerlərinin səhv salınması və ya müəyyən edilə bilməməsi, qonşu torpaqlar ilə sərhədlərin müəyyən edilə bilməməsi və s. bu kimi neqativ halların yaranmasına rəvac verilib.
Uzun illərdir davam edən belə halların aradan qaldırılması üçün Bakı şəhərinin yaşayış məntəqələri ətrafındakı bağ massivlərinin sərhədlərinin müəyyənləşdirilməsinə, hər bir bağ sahəsi və ya digər konkret hal üçün mərzçəkmə və texniki inventarlaşdırma işlərinin aparılmasına və beləliklə də bu sahədəki nizamsızlığın aradan qaldırılmasına böyük ehtiyac var. Bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların arxivləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilib və beləliklə də Sumqayıt bağları istisna olmaqla Bakı, Abşeron, Mingəçevir və digər bağ sahələrinin özəlləşdirilməsi zamanı əlavə bir dövlət qurumuna olan müraciət aradan qaldırıldı və bu işlər vahid pəncərə sistemi ilə həll edilməyə başladı.
Sumqayıt Şəhər İcra hakimiyyətinin nəzdindəki Bağlar Təsərrüfatı İdarəsi isə bu sərəncam qüvvəyə minənədək Sumqayıt Bələdiyyəsinə “ötürüldüyü” üçün sərəncamın təsir dairəsindən kənarda qalmış hesab edildi və Sumqayıt bağlarına dair arxiv sənədləri Xidmətin Sumqayıt Ərazi İdarəsinə təhvil verilmədi. Bu səbəbdəndir ki, hələ də Sumqayıt bağ sahələrinin özəlləşdirilməsi zamanı vətəndaşlar əlavə bir quruma da müraciət etməli olurlar.
Sərəncamda həmçinin nəzərdə tutulur ki, bu sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsi üçün müvafiq tədbirlər görülsün.
Qeyd olunanları nəzərə alaraq normadan artıq olan və yuxarıda qeyd edilən normativ sənədlər qəbul edilən tarixlərə qədər vətəndaşların əldə etdikləri müqavilələrlə onların qanuni istifadəsində olmuş, həmçinin qeyd olunan “Qaydalar”dakı şərtlər daxilində əlavə zəbt olunmuş torpaq sahələrini mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bu bağ sahələrində tikilmiş yaşayış evləri ilə birlikdə texniki inventarlaşdırılması, qiymətləndirilməsi və daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınmasının həyata keçirilməsi məqsədəuyğun hesab edilir.