Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları 700 mm-lik Böyükşor-Sumqayıt neft boru kəmərinin Sumqayıt şəhəri, Yeni Yaşayış Massivi, BTZ bağlarından keçən 31,8-ci kilometrliyində sızma aşkar edib.
Əraziyə dərhal şirkətin Neft Kəmərləri İdarəsinin "Abşeron” İstehsalat Bölümünün qəza-bərpa briqadası cəlb edilib. Əraziyə baxış keçirilən zaman boru kəmərinin sızma baş verən hissəsinin vətəndaş Nəsibov Ehtiram Qənimət oğlu tərəfindən zəbt olunduğu müəyyənləşdirilib. Boru kəmərinə cəmi 1-2 metr məsafə tikilən ev qəzanın aradan qaldırıması zamanı xüsusi texnikaların işləməsini xeyli çətinləşdirib. Bununla belə həyatyanı sahəyə axan neft sızıntısının toplanması üçün çuxur qazılıb, xüsusi vakumlu avtomobil vasitəsilə neft bu çuxurdan götürülüb. Daha sonra borunun qəza baş verən hissəsi müəyyənləşdirilərək təmir olunub.
Ev sahibi (1993-cü ildə Laçın rayonundan məcburi köçkün düşmüş) Nəsibov Ehtiram Qənimət oğlu açıqlamasında bildirib ki, evi 1994-cü ildə tikib və ərazindən neft kəmərinin keçdiyindən xəbərsiz olub: "Bu ərazini mənə kimsə satmayıb, özüm qaçqın kimi yerləşmişəm”.
Məsələ ilə bağlı "Report” açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin Neft kəmərləri idarəsinin "Abşeron” İstehsalat Bölümünün rəisi Nizami Qafarov bildirib ki, sözügedən kəmər Bakının Dübəndi qəsəbəsinə qədər uzanır, bir çox yerlərdə, o cümlədən Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində fərdi yaşayış evləri ilə əhatə olunub. Nəticədə təhlükəsizlik işçiləri kəmərin vəziyyətinə vaxtlı-vaxtında yoxlaya bilmirlər.
SOCAR-ın Təhlükəsizlik İdarəsi rəisinin müşaviri Səbuhi Şəldiyev isə "Report”a deyib ki, qəzanın baş verdiyi ərazi Böyükşor-Sumqayıt neft boru kəmərinin 38-ci km-liyidir və hazırda qəza səbəbi araşdırılır. İlkin ehtimallara görə, kəmər uzun müddət istismarda olduğuna və onun mühafizə zolağının zəbt edilməsi ilə əlaqədar nəzarət tədbirlərindən kənarda qaldığına görə qəza olub: "Bu isə vətəndaşlar üçün çox böyük təhlükə yaradır. Nəzərə almaq lazımdır ki, boru xəttində baş verən qəza yanğına, partlayışa səbəb ola bilər. Bu isə vətəndaşların özlərinə və ailə üzvlərinə xəsarət yetirə bilər”.
Məsələni şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, mühafizə zonası düşən ərazilərdə yaşayış məskənlərinin salınması yolverilməzdir. Onun sözlərinə görə "SOCAR”-ın vətəndaşlara, bu cür ərazilərdə yaşayış evlərinin tikintisini biznesə çevirən işbazlara müraciətlərinə baxmayaraq bu cür hallar hələ də yaşanmaqdadır: "Boru kəmərlərinin mühafizə zonalarına düşən ərazilərdə fərdi ev tikənlər bilməlidilər ki, bu tamamilə qanunsuz əməldir. Belə zonalarda tikinti işlərinin və digər işlərin aparılması qadağan edilir. Hər hansı tikintinin aparılmasına kəmərin hər tərəfindən 50 metr məsafə saxlanılmaqla icazə verilir. İndi halda isə söhbət kəmərin 1-2 metrlityindəki tikilidən gedir. Bunlar ilk növbədə öz həyatlarını çox böyük təhlükəyə atmış olurlar. Digər tərəfdən, sabah həmin kəmərdə hər hansı səbəbdən partlama və müvafiq olaraq yanğın baş verərsə həmin əraziyə xüsusi texnikanın daxil olması mümkünsüz olacaq. Belə olan halda bu cür tikililərin sahibləri həm də onların həyatını qurtaran və öz peşə borcunu yerinə yetirən onlarla insanın həyatı ilə oynamış olurlar”.
Qeyd edək ki, boru kəmərlərinin mühafizə zonasının müəyyən edilməsinə dair Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli qərarı mövcuddur. Bu qərara əsasən boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə mühafizə zonası 25 metr götürülür. Mühafizə zonasında tikinti işlərinin və digər işlərin aparılması qadağan edilir. Neft və qaz kəmərlərinin mühafizə zolağında evlərin tikilməsi bu kəmərlərə zəruri hallarda texniki xidmətin göstərilməsi, o cümlədən qəza hallarında operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasına ciddi şəkildə maneə yaradır. Bundan başqa neft-qaz sızması nəticəsində partlayışlar baş verə bilər ki, bu da həmin ərazidə yaşayan insanların həyatı üçün təhlükə yaradır.