Tikinti işlərinin 50 faizi yekunlaşıb - YENİ TOXUM EMALI FABRİKİ
İllik istehsal gücü 3 min ton olan fabrik rayonun Qaraçay-cek kəndində inşa olunur.
Tikinti işlərinə dekabrın əvvəllərindən başlanılıb. 2018-ci ildə istifadəyə veriləcək toxumçuluq müəssisəsində istehsal edilən, eyni zamanda, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması həyata keçiriləcək. Toxumçuluq müəssisəsində quraşdırılacaq avadanlıqlar Türkiyədən gətirilib.
Müasir toxumçuluq mərkəzi toxum laboratoriyasından, hərəsindən iki ədəd olmaqla tutumları 1000 və 500 tonluq anbarlardan, qapandan və inzibati binadan ibarət olacaq.
Fabrikin fəaliyyətə başlaması şimal bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların istehsalı həyata keçiriləcək.
Rayondakı ən böyük toxum istehsalçısı olan Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin direktoru İmamhüseyn Şirinov müsahibəsində bildirib ki, fabrikdə yüksək standartlara cavab verən toxum təmizləmə qurğuları quraşdırılacaq. Köhnə avadanlıqlar saatda 1 ton olmaqla bir mövsüm ərzində 940 ton toxum təmizləməyə imkan verirdi. Yeni qurğular sayəsində əvvəlkindən 5 dəfə çox toxum təmizlənəcək.
Yeni yaradılan fabrikdə şimal bölgəsində məhsuldarlığı ilə seçilən “Qobustan”, “Qarabağ-22”, “Fatimə” kimi sortların istehsalına üstünlük veriləcək.
Toxum emalı fabrikinin 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Azərtac