"Hövsan Yaşayış Kompleksində yerləşən 502 mənzilin satışına başlanılacaq”.
"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramlı deyib. Onun sözlərinə görə, mənzilə bağlı müraciət edənlərin sayı artmaqdadır:
"Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) keçirdiyi son satışlarda mənzil sahibləri olanların bir qismi bizə müraciət edərək evə sahib olduqlarını bildiriblər. Bir neçə gün öncə müəllim olaraq çalışan vətəndaşlarımızdan biri də mənzilə elektron formada sahib olduğunu və artıq evin açarlarını aldığını bildirdi. Mənə müraciət edənlərə dəfələrlə bildirmişdim ki, elektron müraciət etsinlər və artıq tələb və təklifin tarazlığı müşahidə olunur. Bu isə o deməkdir ki, mənzilə sahib olanların müraciət edənlərə nisbəti artmaqdadır. Yasamalda inşa edilmiş sosial evlərə müraciət kifayət qədər çox olduğu üçün satışa çıxarılan mənzillərin sayı müraciətdən xeyli az idi. O zaman da bildirmişdik ki, mənzil sahiblərinin sayı artdıqca ev sahibi olanların nisbəti çoxalacaq. Hövsanda artıq bu müşahidə olunur”.
Vüqar Bayramov bildirib ki, heç bir əlavə ödəniş olmadan, vətəndaşların sadəcə elektron seçimlə mənzil sahibi olmaları sevindirici haldır:
"Həmmüəllifi olduğum "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına” dair Strateji Yol Xəritəsində və eləcə də digər qanunverici aktlarda elektron satış şəffaflığın formalaşması aləti kimi təsbit olunub. Əslində, elektron satış şəffaflığın təmin edilməsi baxımdan vacibdir. Sadəcə, tələb ilə təklif arasında fərq olduğundan ilkin mərhələlərdə satışa çıxarılan mənzillərin sayı evə sahib olmaq istəyənlərin müraciətlərindən az idi. Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində inşa edilən 1843 mənzildən 1654-ü Agentliyin sərəncamında idi. Bu mənzillərin satışı artıq başa çatıb. Bu ildən istifadəyə verilən Hövsan Yaşayış Kompleksində isə 2962 mənzildən ibarətdir. Hövsanda inşa edilən 11 binanın 7-si 7 mərtəbə, 4-ü isə 10 mərtəbəlidir. Həmin mənzillərin 803-ü hərbi qulluqçular üçün ayrılıb. Əslində, sosial evlər çərçivəsində daha çox mənzilin satışa çıxarılması tələb ilə təklif arasındakı fərqin aradan qaldırılmasına və artıq gələn il müraciətçilərin xeyli hissəsinin elektron sistem vasitəsi ilə evə sahib olmasına imkan verəcək. Bu baxımdan, mövcud elektron sistemin qorunub saxlanması şəffaflıq baxımından daha məqsədəuyğundur. Qeyd edək ki, Hövsanda 30.06.2020-ci il tarixində satışa çıxarılmış 249 mənzildən 171-nin rəsmiləşdirilməsi artıq başa çatdırılmış, qalan mənzillərin isə rəsmiləşdirilməsi davam etdirilməkdədir”.
Deputat qeyd edib ki, "Güzəştli mənzil" sisteminə beynəlxalq patentin alınması məqsədilə Ümümdünya Əqli Mülkiyyət Təşkilatına (World Intellectual Property Organization) müraciət edilib:
"Beynəlxalq təşkilat tərəfindən həmin iddia qəbul edilərək müvafiq prosedurların yerinə yetirilməsinə başlanılıb. Bundan öncə isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının Qərarı ilə 3 dildə (Azərbaycan, rus, ingilis) "Güzəştli mənzil sistemi” əmtəə nişanı qeydiyyata alınaraq təsdiq edilib. Həmçinin Əqli Mülkiyyət Agentliyi tərəfindən Sistemin müəlliflik hüquqları qeydiyyata alınaraq Əsərin Qeydiyyatı Haqqında Şəhadətnamə təqdim olunub. Digər tərəfdən, "Güzəştli mənzil" sistemi vasitəsilə həyata keçirilmiş onlayn mənzil seçimi prosesləri yekunlaşdıqdan sonra beynəlxalq audit şirkəti "Ernst Young" ("EY”) "Güzəştli mənzil" sistemini kompleks audit yoxlamalarından keçirərək sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil edir və öz "SOC 3” rəyini təqdim edir. Düşünürəm ki, mənzil sahibi olmuş vətəndaşların mənzil seçimi prosesi barədə məlumatları sosial şəbəkələrdə paylaşmaları da məqsədəuyğun olardı”.
Qeyd edim ki, Agentliyin Hövsan Yaşayış Kompleksində yerləşən 502 mənzilin satışı 10.09.2020-ci il tarixi saat 11:00-da başlayacaq: https://mida.gov.az/az/sales/announcement8/