USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Pilot Holdinq”in dələduzluğu vətəndaşı çıxılmaz vəziyyətdə qoydu (İDDİA)

19.02.2021 İnşaat və Əmlak
0 0
Bir mənzil eyni anda iki şəxsə satılıb.

7news.az xəbər verir ki, bu haqda vətəndaş Roman Foviz oğlu İsayevin "Pilot Holdinq” MMC-dən şikayətində deyilir.

Roman İsayev şikayətində qeyd edib ki, o, üzləşdiyi özbaşınalıqlarla bağlı bütün məhkəmə proseslərini udub və Ali Məhkəmənin qərarı ilə iş Korrupsiya ilə Mübarizə Baş İdarəsinə göndərilib:

"11 aprel 2017-ci il tarixdə (36 saylı müqavilə - red.) "Pilot Holdinq” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 17-19 ünvanda tikdiyi binadan (B girişi, 9-cu mərtəbə), ümumi sahəsi 83.26 kv.m olan mənzil almışam. Bu barədə müqaviləni, son 10 min manatın ödəniş qəbzini, borcum olmaması barədə arayışı da sizə təqdim edirəm. 15 fevral 2019-cu il tarixdə öyrəndim ki, məzili artıq başqa adama - Zamanov Vüsal Fazil oğluna (70 saylı müqavilə - red.) satıblar. Bununla bağlı şirkətin rəhbərliyi ilə dəfələrlə mübahisəmiz də düşdü. XXİ əsrdə belə bir cinayət törətmək, yumşaq desək, özbaşınalıqdır. Şirkət məsələni həll etmədi və kiçik məbləğlərlə məni mövcud situasiya ilə barışmağa dəvət etdi. Bundan sonra məhkəmə prosesləri başladı. Bütün məhkəmələrdə sözün əsl mənasında döyüşdüm, mübarizə apardım və qalib gəldim. Ancaq bu qədər vaxt keçməsinə baxmayaraq, məsələ həllini tapmayıb. İndi mən həyat yoldaşım və övladlarımla kirayələrdə qalmışam. Şirkətin mənə və ailəmə vurduğu mənəvi zərər isə maddi zərərdən 10 dəfə çoxdur. Mənim maddi dururum heç 1 otaqlı ev belə almağa imkan vermir. İndi mən nə etməliyəm, ömrümün axırına qədər küçələrdə qalmalıyam? Bu şirkəti tikənlərin övladları, nəvələri yoxdur? İnsan nə qədər qəddar, vicdansız olmalıdır ki, kasıb, gənc bir ailənin həyatını darmadağın etsin. Məsələ ilə bağlı Cənab Prezidentə, I Vitse- prezidentə müraciət ünvanlayacağam.

Mənim mübarizə aparmaqdan, haqqıma düşəni almaqdan başqa yolum yoxdur. Sonuncu dəfə Ali Məhkəmənin qərarı ilə qərardad çıxarıldı və araşdırılması üçün iş Korrupsiya ilə Mübarizə Baş İdarəsinə göndərildi, ordan isə hələ də cavab gəlməyib. Ali Məhkəmədə isə "Pilot Holdinq” MMC-nin rəhbəri Təhməzov Amil Qulu oğlu evi qanunsuz olaraq başqasına satdığını etiraf edib”.

Qarşı tərəf, yəni "Pilot Holdinq” MMC-nin rəhbəri Amil Təhməzov bu işdə günahlarının olmadığını deyib:

"Bu iş hələ məhkəmədədi. Biz yenidən Ali Məhkəməyə müraciət etmişik. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də qeyd edib ki, burada heç bir qanunsuzluq yoxdur. "Pilot Holdinq” MMC bağlandığına görə nömrələr, elektron poçt ünvanlar da işləmir”.

Müxbirimizin "Axı siz İsayev Roman Foviz oğlu ilə rəsmi müqavilə bağlamısınız, ödəniş qəbzləri də var, əmlak onun adınadır” sualına Amil Təhməzov "Biz o müqaviləni "prosto” bağlamışıq, atası xahiş etdi, biz də bağladıq”, - cavabını verib.

Saytın yazdığına görə, Amil Təhməzov bir neçə MTK-nın və MMC-nin rəhbəridir. O, həmçinin "Ərzurum” Şadlıq Sarayının da sahibidir.