“Bu dediyiniz məsələ ilə bağlı aidiyyatı qurumlar araşdırmalı və cavab verməlidir. Əgər standartlar pozulub və tikinti doğru aparılmayıbsa, bununla bağlı tədbir görülməlidir".
Bu sözləri Kommersant.az-a deputat Razi Nurullayev "Orbita" MTK-nın Nizami rayonu, Qara Qarayev prospekti ilə Tofiq Abbasov küçəsinin kəsişməsində tikməkdə olan hündürmərtəbəli bina haqqında danışarkən deyib.
Deputat qeyd edib ki, tikinti standartlarından elə ciddi məlumatı yoxdur:
"Ona görə də tikinti sahələrində hansı armaturdan, hansı ölçüdə istifadə olunmalıdır, dayanaqlığı necə olmalıdır və s. ekspert səviyyəsində bilmək lazımdır".
Razi Nurullayev əlavə edib ki, bunların hamısı tikinti standartlarında var:
"Bildiyimə görə, bu gün bütün tikinti sahəsinə çox ciddi nəzarət var. Müxtəlif dövlət orqanları tərəfindən tikintinin davamlılığı, tikinti materiallarının keyfiyyəti, zəlzələyə davamlılığı, standarlara uyğun olması, əmək qanunvericiliyinə əməl olunub-olunmaması ilə bağlı qurumlar tərəfindən hər zaman nəzarət edilir. Ona görə də düşünürəm ki, həmin tikintiyə bu armaturlardan istifadəyə icazə verilib ki, həmin armaturlardan istifadə olunur".
Deputat onu da qeyd edib ki, Tükiyədə və digər ölkələrdə baş verən zəlzələlər bizi qorxutdu, ona görə də Azərbaycanda Türkiyədə baş verən zəlzələdən sonra tikintiyə daha da ciddi nəzarə artırılıb:
"Hətta bəzi iş adamları tikinti sahəsinə ciddi nəzarət edildiyini deyir. Bununla bağlı mənə də tikintiyə maneə və incidilməklə bağlı şikayətlər də edirlər".