“İyulun 28-də Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sisteminin DEMO versiyasını dayandıracaq. Yəni, sınaq versiya ilə mənzil seçimini test edənlərin cəmi üç gün vaxtı qalıb. Ayın əvvəlində DEMO versiyanı işə salanda MİDA-dan bildirmişdilər ki, “Güzəştli mənzil” sistemində 29 iyul – 11 avqust 2023-cü il tarixlərində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib. Anlaşıqlı dildə desək , bu o deməkdir ki, 29 iyulda baş tutacaq onlayn satışda güman ki, MİDA yenidən “sürprizlər” edəcək”. Bunu Bakupost.az -a açıqlamasında“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, MİDA təhlükəsizlik məqsədilə DEMO-dan fərqli olaraq real satış modulunun interfeysini dəyişə bilər, ikiqat CAPTCHA fərqli ola bilər, menyular dəyişilə bilər və s.
O.Gündüzün sözlərinə görə, botlar və robotların qarşısını almaq üçün gözləmək olar ki, real satış modulu DEMO-dan kəskin fərqli olacaq:
"Beləliklə, düşünmək olar ki, daha hazırlıqlı olanların, daha çox test edənlərin, İT bacarıqları yüksək olanların şansı daha yüksək olacaq. Tövsiyə edərdim ki , DEMO ilə mənzil seçimini test edənlər bu məqamları da nəzərə alsınlar. Xatırladıram ki, sonuncu onlayn satışda ilk mənzil seçimi 31-ci saniyədə baş tutmuşdu".