USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda kirayə evlər bahalaşıb - EKSPERT

16.08.2018 İnşaat və Əmlak
0 0
Hər il yay aylarında kirayə mənzil bazarında qiymətlər ucuzlaşsa da, bu il ciddi bir qiymət enməsi müşahidə edilmir.

"Kommersant.az" xəbər verir ki, iyulun əvvəllərində kirayə mənzil bazarında 15-20% qiymət azalması müşahidə edilsə də, hazırda vəziyyət dəyişib.

Daşınmaz əmlak eksperti Nüsrət İbrahimov "Kommersant.az"a açıqlamasında bildirib ki, qiymət artımı iyulun sonlarından etibarən müşahidə edilir:

"Bazarda təklifin artması, tələbin azalması və tədris mövsümünün başa çatması ilə əlaqədar iyulun əvvəllərində kirayə mənzil bazarında cüzi ucuzlaşma müşahidə edilirdi. Həmin ayın sonunda isə 4%-ə qədər bahalaşma qeydə alındı. Əvvəlki illərin təcrübəsinə istinad etsək, qiymətlər avqustun sonu, sentyabrın birinci yarısından etibarən artmağa başlayır. Artım 8-12% civarında baş verir. Bu müddətdə paytaxta tələbələrin axını başlayır. Qiymət artımına ikinci səbəb isə son illər kirayə bazarında təklifin azalmasıdır".

Ekspert eyni zamanda kirayə mənzil bazarındakı qiymətlərdən də danışıb:

"Qiymətlər kirayə təklif edilən mənzilin yerləşdiyi ərazidən asılı olaraq 250 manatdan başlayaraq 550-600 manata qədər dəyişir. Məsələn, şəhərin mərkəzi hissələrində 2 otaqlı mənzillərin kirayəsi 350-400 manata, 3 otaqlılar isə 500-600 manata təklif edilir. Nisbətən kənar hissələrdə isə 2 otaqlı mənzillərin qiyməti 250-300 manat, 3 otaqlılar isə 350-400 manat civarında dəyişir".

Qeyd edək ki, ümumilikdə paytaxtda daşınmaz əmlak bahalaşmaqdadır. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında torpağın qiyməti 3,32%, kommersiya obyektləri 0,23%, kommersiya obyektlərinin icarəsi isə 1,46% bahalaşıb. İlin əvvəlindən ən çox artım fərdi və bağ evlərinin qiymətində qeydə alınıb – 13,27%.