USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Kütləvi çıxarış” Sumqayıtda olub

05.11.2018 İnşaat və Əmlak
0 0
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 5-də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ictimai xidmətlər respublikanın daha bir iri şəhərində göstərilib.

"Kommersant.az" Komitəyə istinadla xəbər verir ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən 2 yaşayış binasının sakinləri kampaniyanın fürsətlərindən istifadə ediblər.16 mərtəbəli, 180 mənzilli və tək girişli binada yaşayan vətəndaşlardan 110 nəfəri səyyar xidmət ofisinə müraciət edib. Sakinlərin 50-nə mənzillərinə dair hazır çıxarışlar təqdim olunub. Yaşayış binasında yaşayan digər 60 sakindən çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edilib.

“Kütləvi çıxarış” kampaniyası çərçivəsində 40 sakinə həm də hüquqi xidmətlər göstərilib. Səyyar ofisə müraciət edən vətəndaşların sualları komitə əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq cavablandırılıb. Onlara qeydiyyatla bağlı sənədlər, aparılan prosedurlar, dövlət rüsumu və xidmət haqqı ilə bağlı məlumatlar verilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkədə qeydiyyata alınmış daşınmaz əmlakların sayını artıran digər sosial tədbir “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasıdır. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı 5-8 noyabr tarixlərində, saat 09:00-dan 17:00-a qədər Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsidir (Bələdiyyəsinin inzibati binasının qarşısı). Komitə əməkdaşları tərəfindən sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək.