USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məktəbli çantasına yüklənən təhsil

24.02.2023 Köşə
1 1
Hər dəfə mən təhsil barədə yazanda, sosial şəbəkələrdə paylaşım edəndə, yazılan rəylərdə ən çox bu fikri səsləndirirlər: “aqressiv yanaşmadır, təhsilin üstünə çox da getmək olmaz”. Axı niyə başa düşmürük ki, təhsil cəmiyyət üçün bütün sahələrin hamısından çox-çox önəmlidir. Əvvəla vətənpərvər, savadlı, əsl müəllim adına layiq olan hörmətli MÜƏLLİMLƏRİMİZİ alqışlamaqla mətləbə keçək.

Təhsil əvvəlcə bütöv bir xalqın tale məsələsidir. Çünki gələcəyin VƏTƏNDAŞI, gələcəyin cəmiyyəti məhz sinif otaqlarında yetişdirilir. Məktəb həm də memarlıq ocağıdır, müəllim insan mühəndisi, təhsil isə keyfiyyət nişanıdır! Çünki savadsız memardan başlamış savadsız və “qəssab” həkimə, savadsız jurnalistə, mənəviyyat yoxsulu olan VƏTƏNDAŞA qədər- bunların hamısı natamam, keyfiyyətsiz təhsilin “əsəridir”.

İllərdir, on illiklərdir, hətta deyərdim əsrlərdir bu cür savadsız tədrisin acı nəticələrini yaşayırıq. Tariximizdəki bir çox acı səhifələr, acı dərslər məhz təhsilsizlikdən, yaxud belə ifadə edək - beyin hüceyrələrimizə, düşüncələrimizə ruhən deyil, sadəcə formal şəkildə aşılanan natamam tədris ucbatından yaranıb. Nə tariximiz, nə ədəbiyyatımız, nə vətən sevgimiz - heç biri geniş və əhatəli, ürəkdən deyil, sadəcə formal şəkildə müxtəlif dönəmlərdə bizə çatdırılıb. Düşüncəmizə, milli şüurumuza müsbət mənada güllə kimi təsir edən tədrisə əsrlərdir ki, həsrətik. Bu acı həqiqət dəhşətli də olsa, faktdır. Unutmayaq, formal təhsil təhsilsizlikdən qat-qat təhlükəlidir. Çünki yarımçıq, formal tədris insan beynini birdəfəlik şikəst edir, əzizlərim!

İndi təhsildə keyfiyyət məsələsinə keçək. Daha doğrusu, kiçik yaşlı şagirdlərin dərs proqramı ilə həddindən artıq yüklənməsinə. Sözsüz ki, keyfiyyətsiz təhsili yaradan əsas amillərin başında müəllimin aldığı aylıq məvacibin bu aydan o bir aya yetməməsi, ehtiyacın biliyi üstələməsi dayanır. Düzdür, deyəcəksiniz ki, biliyi şagirdə formal deyil, geniş və əhatəli şəkildə tədris etmək, canıyananlıq etmək müəllimin içindən gələn hissdir. Burası ilə tam razıyam. Amma unutmayaq ki, ac qarın, ehtiyac son anda hər şeyi üstələyir. Hətta vətənpərvər müəllim olmaq həvəsini də.

Sözsüz ki, gözü və nəzəri daima şagirdin cibinə “boylanan” müəllimlər də az deyil və bu mövzunun özü ayrı məsələdir. Bugünki mövzumuz körpə çiyinlərə yüklənən ağır çantalar barədədir.

Birinci sinifə gedən körpə uşaqların həddindən artıq dərs proqramı ilə yüklənməsi, üstəlik dərsdən dərhal sonra əlavə məşğələlərə cəlb olunmaları bu körpə zehinlərin qönçə açmamış solan gül kimi məhv olmalarına səbəb olur. Körpə insan zehnini daşıya bilməyəcəyi fənlərlə başdan çökəltmək təhsil, tədris deyil, sözün əsl mənasında pedaqoji soyqırımdır, başqa heç nə!

6, 7, 8 yaşlı körpə beyninin miqyasına görə tədris proqramı tərtib olunmalıdır. balaca şagirdlər hədsiz dərs proqramı ilə yüklənməməlidirlər. Bu nəyə görə edilməlidir? İlk növbədə körpə zehninin daha sərbəst şəkildə, ilkin tədris proqramını rahatlıqla mənimsəməsi üçün. 6-7 yaşlı uşağın beyin hüceyrələrini lazımsız proqramlarla yükləmək o deməkdir ki, gələcək illərdə onun rahat və keyfiyyətli bilik qavramasını baltalayırsan.

Bu gün elə təkcə paytaxt Bakının ictimai nəqliyyatında kiçik yaşlı şagirdləri və onların çantalarını güc-bəla ilə daşıyan valideynləri, qoca nənə və babaları izləmək kifayət edir ki, aşağı sinif şagirdlərinə aşılanan tədris barədə məlumatlı olasan. Mənzərə belədir: zorla, deyinə-deyinə ağır yüklü çantaları daşıyan valideynlər, dərsdən sonra sanki azadlığa çıxan, fasiləsiz su və qida qəbul edən, dərslərin çoxluğundan elə avtobusdaca şikayətlənən şagirdlər, məktəbli çantalarından boylanan müxtəlif tədris kitabları...

Axı bu körpə çiyinləri ana dili, əlifba, riyaziyyatdan başqa digər fənlərlə yükləmək nəyə lazımdır?. Qoy bu körpələr ana dilini, riyaziyyatı, əlifbanı daha mükəmməl öyrənsin. Onların körpə beyninə musiqi, həyat bilgisi, xarici dillər, informatika fənlərini dürtüşdürməyə nə ehtiyac var? Təsəvvür edin ki, birinci sinifə qədəm qoyan uşaqlar cəmi bir neçə həftədən sonra sinif müəlliməsinin yanına əlavə məşğələlərə, rus və ya ingilis dili kurslarına yazılırlar. Axı bunlar hələ heç əlifbanı düz-əməlli tanımırlar, tədrisin əlifbasına belə bələd deyillər, bunların nəyinə lazımdır əlavə məşğələlər?

Yazımın MUSTAFASI: körpə beyinləri daşıya bilməyəcəkləri fənlərlə elə başdan yükləyib qurutmaq olmaz. Gələcəyimizi indidən qoruyaq!