USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Hamı ölə bilərdi, amma o əsla”

19.03.2024 Köşə
0 0
Haradan başlayım, necə bitirim bilmirəm. Xalamı itirdim. Xərçəngdən. O xalanı ki, bizə anam qədər ana olub. Mən ona olan sevgimi, onun qayğısını necə ifadə edim bilmirəm. İstəyirəm xalamın necə böyük ürəyi olduğunu hamı bilsin. Bu dünyadan onun kimi bir xalanın keçdiyini hamı bilsin...

Biz qonşu olmuşuq. Eyvan qonşusu olmuşuq. Nəfəsi öz evimizdə alıb, xalamgildə verirdim. Yaza-yaza düşünürəm ki, hansından başlayım. Gözümdə bütün həyat lent kimi fırlanır. Ən pis anımdan, ən xoşbəxt anıma qədər xalamın olmadığı saniyə yoxdur. Bundan sonra onsuz necə keçəcək?

​Bilirsiniz, mən həmişə içimdə bir yerdə özümü ata-anamın bir gün olmayacağına alışdırmağa çalışmışam. O gün gələndə məhv olmamaq üçün... Və həmişə bunu düşünəndə yanımda xalamın olduğunu fikirləşmişəm. Qeyri-iradi. Çünki hamının ölə biləcəyini düşünürdüm, amma onun əsla. Bunun indi fərqinə varıram. Mən elə bilirdim xalam həmişə həmişəki kimi yanımda olacaq. Onu ölümsüz, sarsılmaz bilirdim. Hamıdan tez onu itirdim.

​Həyat həqiqətən çox qəribədir. Həyat qaldığı yerdən davam edir. Hər səhər oyanıram, yeyirəm, danışıram, gülürəm, sonra səni düşünürəm. 3-5 damla yaş tökürəm. Sonra yenə yaşamağa davam edirəm. Budurmu yaşamaq? Budurmu ölmək? Heç yoxmuşsan kimi. Heç olmayıbmışsan kimi. Hər şey xatirələrdə qaldı. Sən şəkillərdə qaldın.

Həmişə demişəm bunu. Ayrılığın ən çətin vaxtı gecəsi deyil. Səhəridir.

​Ayrılığın yasına ağladığın gecənin səhərində günəşin heç nə olmayıbmış kimi doğuşu, həyatın qaldığı yerdəncə davam etməsi… Sənin ölümünü belə sakit qəbullana biləcəyimi bilməzdim. Davamlı içimdə düşünürəm. Bu qədərmi böyümüşəm? Yoxsa son 1 ildə gördüklərimmi məni belə soyudub, yadlaşdırıb. Nə bilim…

​Artıq 31 gündür. Amma bu gecə ilk dəfə sənin yoxluğunla içimdə üzləşdim. Sənlə heç danışa bilmədim. Çox istədim bu yazını sən olanda yazıb sənə oxuyum. Amma son ana qədər içində yaşayacağına dair olan ümidin imkan vermədi. Çünki bilirdim hisslərimi yazmadan rahat olmuram. Bilirdim səndən sonra yazacağımı. Amma sənin oxumamağın yazdıqlarımın necə mənasız olduğunu göstərir.

​Nə layiq olduğun kimi yaşadın, nə layiq olduğun kimi öldün. Kaş ki, var olduğuna inandığın və qorxduğun o dünyada layiq olduğun kimi var olasan.

​Ürəyim o qədər doludur. Kaş ki səsin ağlımızda mahnılarınla qalardı, xala. Kaş ki, o əzabları çəkməzdin. Küsəyən xalam... Sən daha yaxşı bilirsən ki, hamı əlindən gələndən artığını etdi. Amma sən gedəndə də küsdün. Bu dəfəki küskünlüyündə haqsız olduğunu bilirdin. Heç görmürəm yuxumda səni. O qədər darıxmışam ki, xala. Qapından girəndə qabağıma qaçmağın üçün bir ildi elə darıxmışam ki.

Son mənzilinə getdim. Elə quru, elə soyuq idi. Heç sənə yaraşmırdı. Xala, sən axı hər gözümdən axan yaşda yanımda olmusan. Günlərdi yaş tökürəm. Gecə, gündüz, içimdə, çölümdə. Elə ehtiyacım var ki, “Xalan qurban, hər şey elə yaxşı olacaq ki. Görəcəksən. Eh nə dərdlər var” deməyinə. Amma onu daha deyə bilməyəcəksən. Çünki sən elə o dərdlərin hamısını gördün. Şükr edə-edə öldün sən. Hər şeyin ən pisini yaşayıb “daha pislər var” deyib öldün sən. Öldün sən. Daha nə deyim. Daha ad günü kasetlərimə, uşaqlıq şəkillərimizə gülərək baxa bilməyəcəm. Mən daha ad günümə hər il ağlayıb sonra hazırlaşacam.

Anamın yarısı xalam. Həyatımdan, ürəyimdən izin heç vaxt silinməyəcək.

O qədər istəyirəm sənin necə xala olduğunu hayqırıb hamıya göstərə biləm. Çünki onu ancaq görən bilər. İçimdəki boşluğun heç vaxt dolmayacaq. Səni dünyalar qədər sevirəm.

Çox heyif... Səndən heyif... Sənə heyif...