USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan biznesində reformlar - MƏQALƏ

25.07.2019 İqtisadiyyat
0 0
Çarlz Darvinin dediyi "Ən güclü deyil, ən tez adaptasiya olan sağ qalır” sözlər daim və böyük sürətlə dəyişməkdə olan müasir iş dünyasına birbaşa aiddir.

Bu gün Azərbaycanda dəyişən iqtisadi reallıqlar, müştəri davranışları, rəqabətin artdığı dövrdə böyük şirkətlərimiz çox mühüm mərhələdədirlər. Bu dəyişikliklərə uyğunlaşmağın əhəmiyyətini firmalarımız anlayır, tətbiqetmə arzusundadırlar və reformlar üçün vacib olan ilkin addımlar atılır, amma müəyyən səbəblərə görə bu dəyişikliklər əksər hallarda sonlanmır və ya zaman keçdikcə sürəti azalır və tədricən də səssizcə sonlanır.

17 illik rəhbər vəzifələrdə və peşəkar idarəçilik təcrübəmdə fərqli sahələrdə olan böyük şirkətlərdə reformları birbaşa keçirmişəm və ya onların icra edilməsində iştirak etmişəm və buna görə də uğurlu-uğursuz dəyişiklikləri bir çox hallarda birbaşa atış xəttində olan insan kimi dəyərləndirə bilirəm.

Bütün məqalənin məzmununu bir cümlə ilə bu şəkildə ifadə etmək olar : BÜTÜN reformlar sahibkarla başlayır və şəxsən onunla da bitir və dəyişikliklərin uğurlu olması birbaşa sahibkara bağlıdır.

Bu yazıda reformların alınmamasının sahibkarla bağlı olan tərəfinin 3 əsas məqamını qeyd etmək istəyirəm.

Öncə peşəkar seçimində ciddi səhvlər edilir. Sistem qurmaq və dəyişikliklərin idarə edilməsi üçün, adətən, hansı mütəxəssis cəlb edilir? Hazır sistemdə işləyən biri və ilk baxışda ən məntiqli cavab da budur. Əslində isə bu, çox səhv qərardır. Təcrübəm göstərir ki, sistemdə işləyən insanla sistem quran insan arasında çox böyük fərq olur və hazır sistemdə uzun müddət işləmiş insan bu sistemin necə qurulduğu, hansı problemlərlə qarşılaşacağı və onların həlli yolları haqda məlumatı olmur. Buna görə də sahbkarlarımız dəyişiklikləri edəcək rəhbəri işə alanda mütləq şəkildə şirkətdə işin hansı mərhələlərində olduğunu aydınlaşdırmalıdır.

Peşəkarlar cəlb edilir, amma istənilən sahədə peşəkarlar bir neçə hissəyə bölünür : ən üst, orta və alt kateqoriyalar. Alt və orta kateqoriyada olan peşəkarlar, adətən, daha az təcrübəsi olan, qısa müddətli düşünən, iş dünyasında tanınmışlığı və çevrəsi çox da olmayan, işləri sistemli və uzun müddətli qura bilməyən, psixoloji olaraq o qədər də güclü olmayan və nəzəriyyəsi təcrübədən daha çox olan insanlardır. Amma bu nəticələr köklü və möhkəm olmayacaqlar.

Üst səviyyədə olan rəhbər isə uzun müddətli düşünən, işləri köklü və sistemli şəkildə həll edən, psixoloji və emosional olaraq güclü və təmkinli, iş dünyasında bir çox sahələrdə çevrəsi olduqca geniş və nəzəriyyəsi ilə real praktikası tam üst-üstə düşən bir insandır.

Bu mütəxəssislərin maaş və tələb etdikləri şərtlər də əlbəttə ki, fərqlidir. Bu mövzuda sahibkarlara şiddətli tövsiyyəm odur ki, bu məsələlərə investisiya kimi baxsınlar. Necə ki, avadanlıq, mebel xərcləri mövzusunda uzun müddətli investisiya tərzli düşünürsünüzsə, peşəkarların cəlb edilməsində də eyni düşünün. Faydasını mütləq görəcəksiniz.

Qeyd etmək istədiyim sahibkara bağlı ikinci məqam isə işə cəlb edilən peşəkarlara sərbəstliyin verilməsi ilə əlaqəlidir. Rəhbərin dünyanın ən müasir universitet məzunu və böyük təcrübəsinin olması çox mühümdir, bir şərtlə ki, ona fəaliyyətində sərbəstlik verilirsə. Təcrübəm göstərir ki, peşəkar idarəçinin işlərinin nəticəsi birbaşa sahibkarın imkan verdiyi koridorla məhduddur. Ən kiçik mövzularda belə qərar verməni özünə bağlayır və beləliklə işlərin sürəti sahibkarın həzm etmə, başa düşmə və qərar qəbul etmək imkanına bağlanmış olur.

Üçüncü məqam isə sahibkarın reformlara birbaşa dəstəyi ilə bağlıdır. Sirr deyil ki, adətən, dəyişikliklər edilən böyük şirkətlərdə köhnə komanda üzvü olan bəzi rəhbərlər reformlara qarşı çıxırlar. Dəyişikliklərə qarşı müqavimət fərqli formalarda olur – məlumatların gizlədilməsi, psixoloji təzyiqlər, süni maneələrin yaradılması, tələlərin qurulması. Belə hallarda yeni, reformatorlar komandası ilə "köhnələr” arasında mübarizə başlayır və bu mübarizədə ciddi enerji və zaman itkiləri olur. Bu da nəinki işlərin aparılmasını gecikdirir, həm də bir müddət sonra şirkətə zərər də vurur. Köhnə komandanı çox yaxşı tanıyan sahibkarın bu mövzuda aktiv və bir mənalı mövqeyi olduqca vacibdir.

TƏCRÜBƏM göstərir ki, sahibkarın BİRBAŞA iştirak etdiyi, TAM və kompromissiz dəstək verdiyi reformlar uğurlu olur. Sahibkarın ən güclü peşəkarları belə cəlb etməsi və prosesdən kənarda qalması uğursuzluqdur.

Dəyərli sahibkarlar!

Müasir şərtlərə uyğunlaşmaq üçün sadə reformlar kifayət etməyəcək – şirkət daxilində peşəkar mədəniyyətin dəyişdiriləcəyi və nəticələr uzun müddərli olan dərin, köklü dəyişiklilər lazımdır. Buna görə də peşəkarları, güclü peşəkarları işə cəlb edin, onlara sərbəstlik verin və dəstək göstərin!

Fəxri Ağayev
Report