USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lənkəranda 7 km-lik avtomobil yolu yenidən qurulur

25.07.2019 İqtisadiyyat
0 0
Lənkəran rayonunun Hirkan-Mamusta-Siyavar avtomobil yolunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri bitmək üzrədir.

"Kommersant.az" xəbər verir ki, avtomobil yolunun uzunluğu 7 km təşkil edir.

Yolda işlər texnloji ardıcıllığa riayət olunmaqla yüksək sürətlə aparılır və 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Tikinti layihəsinə əsasən, yeni yol yatağı inşa olunub, daha sonra ərazilərin asfaltlanması işləri aparılıb. Yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidilib. Bu işlər yolun 40 min kvadratmetr sahəsini əhatə edib.

Bundan başqa, mövcud dəmir-beton borular bərpa olunub, zəruri yerlərdə müxtəlif diametrli 210 poqonmetrlik yeni boruların, həmçinin dəmir-beton küvetlərin tikintisi işləri aparılıb. Son mərhələdə yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq.

Hirkan-Mamusta-Siyavar avtomobil yolunun yenidən qurulmasında məqsəd 3 yaşayış məntəqəsində yaşayan 10 minədək əhalinin gediş-gəlişini təmin etmək, Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.