USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan "Ro-Pax" tipli bərə gəmisini suya buraxacaq

05.09.2019 İqtisadiyyat
0 0
Bu ilin sentyabrında Bakı Gəmiqayırma Zavodu tərəfindən inşa olunan iki unikal "Ro-Pax" tipli bərə gəmilərindən biri suya buraxılacaq.

Layihəyə yaxın olan etibarlı mənbənin verdiyi məlumatına görə, hazırda gəminin suya buraxılması üçün hazırlıq işləri aparılır.

"Gəmi suya buraxıldıqdan sonra onun tikintisi suda davam etdiriləcək", - deyə, mənbə qeyd edib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində paralel olaraq ikinci gəminin də tikintisi davam etdirilir.

Qeyd edək ki, sözügedən sonuna kimi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) təhvil veriləcəyi gözlənilir. İlk gəminin 2020-ci ilin sentyabrında, digərinin isə həmin ilin sonunadək təhvili planlaşdırılır.

Uzunluğu 154,5 metr, eni 17,7 metr olacaq gəmilərin sürəti 14 uzelə çatacaq. Gəmilər 56 çən, 46 yarımvaqon, 44 yük vaqonu, 50 yük maşını və 100 sərnişin daşıya biləcək. Heyət sayı isə 30 nəfərdən ibarət olacaq.

Yeni nəsildən olan bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb.

Xəzərdə ilk olan yeni "Ro-Pax" tipli bərə gəmilərinin tikintisi Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malikdir.

Gəmi-bərələrin tikintisi üzrə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Bakı Gəmiqayırma Zavodu arasında müqavilə 2016-cı ilin oktyabrında imzalanıb, ilk polad lövhələrin kəsimi isə 2017-ci ilin martında həyata keçirilib. (Apa)