Hər il müxtəlif nüfuzlu nəşrlər dünyanın və eləcə də ayrı-ayrı ölkələrin zəngin insanlarının siyahısını açıqlayır. Məsələn, "Forbes”in bu il üçün hazırladığı məlumata görə, milyaderlərin ümumi sərvətinin miqdarı 9,1 trilyon dollardan 8,7 trilyona qədər azalıb. "Siyahıya "Amazon” şirkətinin qurucusu Jeff Bezos 131 milyard dollarlıq sərvətlə başçılıq edir.
İkinci sırada yer alan "Microsoft”un sahibi Bill Qeytsin sərvəti 96, 5 milyard dollardır. Üçüncü yerdə 82,5 milyard dollarlıq sərvətlə Berkshire Hatvay qərarlaşıb.
Hər il yayımlanan nəşrlərdə azərbaycanlı iş adamları – "Lukoil” şirkətinin sahibi Vahid Ələkbərovun, "Crocus Group”un rəhbəri Araz Ağalarovun, "NortQaz” şirkətinin yaradıcısı Fərhad Əhmədovun da adına rast gəlinir.
Amma nədənsə rəsmi göstəricilərdə iqtisadi yüksəliş xətti tutan Azərbaycanın özündə milyarderlər bir yana qalsın, milyonçuların belə adı açıqlanmır.
Heç kimə də sirr deyil ki, Azərbaycanda belə adamlar var. Hətta söhbət təkcə milyonçulardan getmir, ölkəmizdə milyarderlərin olduğuna da şübhə yoxdur. Di gəl ki, onların adları açıqlanmır… Bunun əsas səbəblərindən biri Azərbaycanda həddindən artıq zənginlənmiş adamların bir qisminin oliqarxlaşmış məmurlar, deputatlar olmasıdır. Məhz belə zəngin məmur və deputatlar sayəsində ölkəmizdə gəlirlər deklarasiyası ilə bağlı qanunvericilik illərdir daşa dirənib, qəbul olunması əngəllənir. Çünki həmin qanun qüvvəyə minsə, gəlirləri barədə hesabat verməyə məcbur olacaq milyonçu və milyarderlərin varidatı da açığa çıxacaq.
"Qanun var, amma işləmir”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məsələ ilə bağlı Modern.az-a bildirib ki, "Vəzifəli şəxslərin gəlir deklorasiyası haqqında qanun” mütləq qəbul olunmalıdır:
"Qanun layihəsi 2005-ci ildə parlament tərəfindən qəbul edilib və ölkə rəhbəri tərəfindən təsdiqlənib. Normativ sənədlərin hazırlanması üçün Nazirlər Kabinetinə xüsusi göstəriş verilib. Amma bu günə qədər həmin normativ sənədlər yoxdur. Bununla əlaqədar qanun var, amma işləmir. Deklorasiyanın olmaması bu sahədə müəyyən dərəcədə problemlərin artmasına gətirib çıxarır”.
"Korrupsiyanın qarşısını almaq üçün gəlirləri bəyan etməliyik”
Normativ sənədlərin qəbul olunmamasında ayrı-ayrı məmurların maraqlarına gəlincə, V.Əhmədov bunu istisna etməyib:
"Bildiyiniz kimi, Azərbaycanda "kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətidə işlər aparılır. Amma tam şəffaflığa nail olunmur. "Kölgə iqtisadiyyatı”nın faizini hiss olunacaq səviyyədə aşağı salmaq reallaşmır. Bu yaxınlarda Azərbaycanda "Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi. Avstriya Universitetinin professoru Friedrix Şnayder çıxışda ölkəmizdə bu sahədə böyük işlər görüldüyünü, amma "kölgə iqtisadiyyatı”nın payının da yüksək olduğunu vurğuladı. O bildirdi ki, 1991-2018-ci illər arasında Azərbaycanda kölgə iqtisadiyyatının ortalama göstəricisi ildə 49,58 faiz təşkil edib. Ümumiyyətlə biz rüşvətxorluğun, korrupsiyanın qarşısını almaq, onlarla mübarizə aparmaq istəyiriksə, gəlirlərin bəyan edilməsinə çalışmalıyıq”.
"Həm məmurluq, həm vəzifə bir araya sığışmır”
Deputat deyib ki, son illərin tendensiyasında nazirlərin, məmurların, oliqarxların, millət vəkillərinin bizneslə məşğul olması müşahidə olunur:
"Mən bunun tərəfdarı deyiləm. Çünki bu, cəmiyyətdə mənfi rezonans doğrurur, əhali tərəfindən müsbət qarşılanmır, şəxsin tutduğu vəzifədən sui-istifadə halları artır və s. Bizneslə məşğul olmaq istəyən şəxs məmurluqdan çıxıb, kreslosunu təhvil verməlidir. Yoxsa həm məmurluq, həm vəzifə, həm biznes-üçü bir araya sığışmır. Kimlərsə bu üçünü sığışdırmağa çalışanda da partlayış baş verir”.
Nöqsanları vaxtında görmək lazımdır
Ayrı-ayrı vəzifəli şəxslərin dövlət büdcəsini mənimsəməyə görə tənqid edilməsinə gəlincə, V.Əhmədov nöqsanların vaxtında müzakirəyə çıxarılmalı olduğunu diqqətə çatdırıb:
"Çalışmaq lazımdır ki, hər hansı bir sahə ilə bağlı meydana çıxan nöqsan şəxsin rəhbərliyi dövründə sadalansın, nəninki vəzifədən gedəndən sonra. Dövlət vəsaiti mənimsənilib, xərcləndikdən sonra bunun üzərində dayanmaq iqtisadi əhəmiyyət kəsb etmir. Ona görə lazımdır ki, həmin adamlar vəzifədə olanda qarşısı alınsın, ciddi tədbirlər görülsün. Bu məsələləri gündəmdə saxlamaq olduqca vacibdir. Bu məsələlərin gündəmə gətirilməsi müəyyən qədər siyasi manevr olsa da, düşünürəm ki, deyilənlərdə də həqiqət var. Çünki sən bu dövlətin, hökumətin çörəyini yeyibsənsə, onu müdafiə etməlisən”.