Azərbaycan Mərkəzi Bankı pul siyasəti əməliyyatlarının səmərəliliyini artırmaq üçün daim alət potensialının inkişafı üzrə iş aparır. Bu istiqamətdə sterilizasiya alətlərini müddət üzrə diversifikasiya etməklə gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasına şərait yaradılması, bütövlükdə qiymətli kağızlar bazarının inkişafına və bu əsasda banklararası pul bazarının aktivləşməsini dəstəkləmək məqsədilə mərhələli şəkildə 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsi nəzərdə tutulur.
"Kommersant.az" xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı açıqlamada deyilir.
Açıqlamada qeyd edilib ki, yeni müddətli notlar "faiz dəhlizi” prinsipi tətbiq edilmədən yerləşdiriləcəkdir. Yəni yeni müddətli notlarla bağlı keçiriləcək hərraclarda təqdim olunacaq sifarişlər Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi diapozonu ilə məhdudlaşmayacaq və faizlər hərrac iştirakçılarının bazar faizləri ilə bağlı gözləntisini əks etdirəcəkdir.
Notların yerləşdirilməsi üzrə hərracların keçirilməsində yeniliklərdən biri də hesablaşma rejimindəki dəyişikliklərdir. Belə ki, notlarla bağlanmış əqdlər üzrə hesablaşmaların daha rahat icra edilməsi üçün 18 sentyabr tarixində keçirilmiş 28 günlük not hərracından etibarən Mərkəzi Bankın bütün müddətlərdə yerləşdirdiyi notları ilə bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçirir.
İLK HƏRRACDA TƏLƏB TƏKLİFİ 5 DƏFƏ ÜSTƏLƏYİB
Qeyd edək ki, bu gün Bakı Fond Birjasında 84 günlük ilk not hərracı keçirilmişdir. Hərracda 30 milyon manatlıq təklifə qarşı tələb 147,59 milyon manat təşkil etmişdir. Hərracda təqdim olunmuş sifarişlərin gəlirliliyi 6,0%-9,5% intervalında olmuşdur. Kəsmə qiymət üzrə gəlirlilik 6,04%, orta ölçülmüş gəlirlilik isə 6,03% təşkil etmişdir. /"Marja"