USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb" - Şahin Mustafayev

20.11.2019 İqtisadiyyat
0 0
"Azərbaycan və Çin arasında 2015-ci ildə "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviq edilməsi üzrə anlaşma memorandumu imzalanandan bəri iki ölkə arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb".

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev "China International Import Expo 2019" sərgisində iştirak etmək məqsədi ilə Çinə etdiyi səfər zamanı "Global Times" nəşrinə müsahibəsində deyib.

"Yaranmış qarşılıqlı etimad iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişafı üçün çox yaxşı zəmin yaradıb", - Ş.Mustafayev bildirib.

Bundan əlavə, o, Azərbaycanın Çin iqtisadiyyatına 1,7 milyard dollar sərmayə qoyduğunu qeyd edib.

Baş nazir müavininin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Çin rəhbəri Si Tszinpin arasında 2019-cu ilin aprelində Pekində keçirilmiş "Bir kəmər, bir yol" ikinci beynəlxalq forumu çərçivəsində keçirilmiş görüş ikitərəfli əlaqələrin inkişafına yeni təkan verib. Bu forum zamanı Azərbaycan Çin şirkətləri ilə dəyəri 800 milyon dollardan çox olan 10 ortaq sənəd imzalayıb.

"İki ölkə arasında iqtisadi və ticarət əlaqələri sürətlə inkişaf edir, Çin bazarında ən yüksək keyfiyyətli məhsulları fəal şəkildə təqdim edirik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 1,7 milyard dollara çatıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 96% çoxdur", - baş nazirin müavini diqqətə çatdırıb.

Ş.Mustafayev vurğulayıb ki, 2019-cu ilin fevral ayında Çin Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turist qruplarının Azərbaycana səfərlərinin həyata keçirilməsi planı ilə bağlı anlaşma memorandumu imzalanıb.

"2019-cu ilin yanvar ayından sentyabr ayına qədər Azərbaycana gələn çinli turistlərin sayı 64% artıb. Eyni zamanda, Çin ilə beynəlxalq daşımalar sahəsində də əməkdaşlıq edirik. Şensi əyaləti ilə bu sahədə əhəmiyyətli irəliləyişlər əldə etmişik. Çin məhsulları artıq Avropaya Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə göndərilir", - Ş.Mustafayev deyib.

Qeyd edək ki, Azərbaycan "China International Import Expo" sərgisində ikinci dəfədir iştirak edir. Bu il Azərbaycan nümayəndə heyətinə 26 şirkətin 60-dan çox nümayəndəsi daxil olub. Onlar 500-dən çox məhsul, o cümlədən kənd təsərrüfatı məhsulları, habelə spirt, soda, quru meyvələr, çay və bitki yağı kimi qida məhsulları təqdim ediblər. (Report.Az)