USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Dünya Bankı Azərbaycanda əlverişsiz biznes mühitindən narahatdır" - Ekspert

18.01.2020 İqtisadiyyat
0 0
Dünya Bankı 2020-ci ildə özünün qlobal iqtisadi perspektivlərə dair ilk hesabatını açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev "Facebook" səhifəsində yazıb. Ekspert qeyd edib ki, qurum bu ilin iqtisadi perspektivindən narahatlığını ifadə edir. Əsas narahatlıq kimi qlobal iqtisadi artımın zəifləməsi, borcların kəskin artımı göstərilir. Borclarla bağlı qeyd edilir ki, indiyə qədər dünyada 3 dəfə borcların nəhəng səviyyədə şişməsi olub və 2010-cu ildən başlanan, hazırda davam edən 4-cü dalğa ciddi narahatlıq yaradır. Ekspertlər bildirir ki, indiyədək olan 3 dalğanın hamısı ciddi qlobal iqtisadi böhranla nəticələnib. Görünür, 4-cü borc yığımından narahatlıq da tarixdən çıxarılan dərslərdir.

Dünya iqtisadiyyatının az qala üçdə ikisini formalaşdıran ABŞ, Çin və Avrozanada iqtisadi artım tempində geriləmə proqnozlaşdırılır - ABŞ-da illik artım 1.8%, Avrozanada 1% və Çində 5.9%. Çin üçün bu son 30 ilin ən aşağı həddi olmaqla yanaşı ölkədə dayanıqlı inkişaf təmin edən kritik nöqtədən - 6%-dən də aşağı düşür.

Dünya Bankı son 30 ildə inflyasiya üzərində qələbəni, xüsusilə də median inflyasiyanın qlobal səviyyədə 25%-dən 3%-ə enməsini müsbət qiymətləndirsə də, qiymətlər üzərində sərt nəzarətin daha effektiv alternativlərinin tətbiqini doğru sayır. Sosial siyasətdə ünvanlılığın maksimum artırılması, rəqabəti təmin edən institusional və struktur islahatlar, effektiv normativ-hüquqi bazanın formalaşdırılması əsas alternativlər kimi göstərilir. Bank mütəxəssisləri hesab edir ki, bu alternativlər həm iqtisadi artımın təmin edilməsi, həm də yoxsul təbəqənin maraqlarının qorunması baxımından ən doğru seçimlərdir. Eyni zamanda, məzənnə volatillyinin və büdcə risklərinin artdığı şəraitdə pul-kredit siyasətinin sərtləşdirilməsi və mərkəzi bankların potensialının gücləndirilməsi ən doğru yanaşmalar hesab edilir.

Dünya Bankının 2020-ci il hesabatını şərh edən ekspert Azərbaycanla bağlı isə bunları yazıb:

"Azərbaycana gəldikdə, Bankın hesabatında olan əsas qeydlər bunlardır: Qaz hasilatının genişlənməsi və qeyri-enerji sektorunda artım dinamikası 2019-cu ildə Azərbaycana kömək etsə də, qlobal bazarlarda resurs əmtəələrinin qiymətinin ucuzlaşması, qeyri-neft sekorunda sərt struktur məhdudiyyətlərin qalması ölkədə fəallığın zəifləməsi riski yaradır. Uzunmüddətli perspektivin necə olacağı 3 məsələdən asılıdır: özəl sektoru dəstəkləyən islahatların nə dərəcədə effektiv olacağından, insan kapitalına investisiyaların artırılması və təhsilin inkişafından, maliyyə sektorundakı problemlərin həllindən.

Bankın əsas narahatlıqlarından biri kimi ölkənin qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərininin volatilliyindən kəskin asılılığının qalması, ixracın diversifikasiya edilməməsi, beynəlxalq rəqabətqabiliyyətlliyin zəif olması, dövlətin iqtisadiyyatda böyük rol alması göstərilir.

Bu hesabatda ən maraqlı olan bilirsiniz nədir? Azərbaycanda narahatlıqlardan biri kimi əlverişsiz biznes mühitinin (unfavorable business environments) olduğu vurğulanır. Bəs onda doing business indeksindəki əlverişli biznes mühiti olan ölkə reytinq hara getdi?"