USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kirayə üsulu ilə satılacaq mənzillərin qiymətləri haqda AÇIQLAMA - “Bu absurddur”

20.01.2020 İqtisadiyyat
0 0
Azərbaycanda kirayə mənzil mexanizminə müraciətlərin qəbul mexanizmi açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu vətəndaşların nəzərinə çatdırır ki, mexanizm çərçivəsində elektron müraciətlərin qəbuluna bu ilin 22 yanvarında başlanılacaq.

Kirayə mənzillər “İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na əsasən təqdim ediləcək.

Bakının Nizami rayonunun M.Abbasov küçəsində, Bakının Xətai rayonunun Gəncə prospektində, Xırdalan və Sumqayıt şəhərlərində kirayə mənzillər təklif olunur. Lakin Fond mənzillərin qiymətlərini açıqlamayıb, sadəcə “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə alınması üçün müraciətə dair istifadəçi təlimatında şərti qiymətlər yer alıb.

Ötən gündən etibarən bəzi mətbuat orqanlarında yazılıb ki, kirayə mənzillərin qiyməti harada yerləşməsindən asılı olmayaraq 1800 manatdan yuxarıdır.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə Oxu.Az-a deyib ki, Fond qiymətləndirici təşkilatlardan mənzillərin dəyəri ilə bağlı rəqəmlər alıb.

“Həmin rəqəmlər ümumiləşdirilərək qiymətlər açıqlanacaq”,- deyə R.Osmanlı bildirib.

Ekspertin sözlərinə görə, kirayə mənzillər Fondun istiqrazları hesabına alınacaq. Onun fikrincə, Fond illik üç faiz dərəcəsini də qiymətlərə daxil edib.

R.Osmanlı qeyd edib ki, kirayə mənzillərin kvadratmetrinin hər yerdə eyni məbləğdə olması ilə bağlı yayılan məlumatlar sual doğurur.

“Hər yerdə qiymətlər, məsələn mənzilin kvadratmetri 1800 manat ola bilməz. Ona görə ki, burada müxtəlif ərazilərdə yerləşən mənzillərdən söhbət gedir. Müxtəlif ərazilərdə yerləşən mənzillərin hamısının kvadratmetrinin qiymətinin eyni olması absurddur. Bilirəm ki, Fondda daşınmaz əmlakla bağlı kifayət qədər peşəkar şəxslər var. Ola bilər ki, bəzi ərazilərdə mənzil baha olsun, bu da normaldır”, - deyə R.Osmanlı əlavə edib.