USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə-Azərbaycan arasında ilk dəfə “Güzəştli ticarət sazişi" imzalanacaq

25.02.2020 İqtisadiyyat
0 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük rəsmi səfəri çərçivəsində 15 fərqli məhsul üzərində qarşılıqlı olaraq gömrükdən azad olma və gömrük güzəştləri nəzərdə tutan “Güzəştli ticarət sazişi”ni imzalanması nəzərdə tutulur.

"Kommersant.az" xəbər verir ki, bu saziş ilə iki ölkə arasında ticarət dövriyyəsinin 2023-cü ilə qədər 15 milyard dollara çatdırılması mümkündür.

Rəsmi səfər zamanı Suriya məsələsi və İdlib böhranı, ortaq enerji layihələri, regionda yayılan koronavirus əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, görüşlərdə ticarət, müdafiə, enerji, idman sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün iki ölkə arasında doqquz ayrı sazişin imzalanması planlaşdırılır.

Məlumatda qeyd olunur ki, R.Ərdoğanın həm Azərbaycan, həm də Türkiyə iş adamlarını qarşılıqlı sərmayələri artırmağa çağıracağı gözlənilir.

Xatırladaq ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 32,5% artaraq 4,509 milyard ABŞ dolları olub. Hesabat dövründə ixrac 56,8% artaraq 2,863 milyard ABŞ dolları, idxal isə 4,4% artaraq 1,647 milyard ABŞ dolları təşkil edib. Bu ilin yanvar ayında isə iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 2% artaraq 224,418 milyon ABŞ dolları olub. Eyni dövrdə ixrac 3,9% azalaraq 122,736 milyon ABŞ dolları, idxal isə 10,2% artaraq 101,681 milyon ABŞ dollar olub.

Report