USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə Nazirliyindən artırılan rüsumlarla bağlı açıqlama

01.11.2021 İqtisadiyyat
0 0
“Hər bir istiqamət üzrə baxanda dövlət rüsumlarının artırılması zaman müddəti ilə bağlıdır. Gedən prosesləri, həmin dövrdə olan inflyasiyanı, mal və məhsulların bahalaşmasını və digər amilləri nəzərdə alanda bu, texnoloji proseslərə olan dəyişikliklərdir”.

“Kommersant.az”ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

“Məsələn, əvvəlki rüsumlar köhnə pasportlar üçün nəzərdə tutulmuşdu. Yeni pasportlar isə biometrik pasportlardır. Təbii ki, bunun xərci əvvəlki ilə uyğun gəlmir. Yəni onsuz da bu gün bizdə 1 yaşına qədər olan uşaqlara pasportlar maya dəyərindən aşağı qiymətə verilir. Hətta 15 manata qaldıranda da belə bu rəqəm maya dəyərindən aşağı səviyyədədir”, - deyə nazir müavini bildirib.

A. Bayramov qeyd edib ki, rüsumlarda əməliyyatlar üçün həyata keçirilən dövrilik də nəzərə alınacaq: “Məsələn, nikahların bağlanması üçün əvvəlki rüsum 15 il bundan əvvəl müəyyən olunub. Həmin dövrdən sonra kağızın özünün qiyməti, çapı və s. da qalxıb. Bu, normal haldır. İnsanın həyatında 1 dəfə həyata keçirilən əməliyyatdır. Bu baxımdan bu rəqəmlərə baxmaq zəruridir”.