USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lirənin manata qarşı məzənnəsi - TARİXİ MİNİMUMDA

13.12.2021 İqtisadiyyat
0 0
Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi qısamüddətli cüzi artımdan sonra bu gün daha 0,5% azalaraq 0,1226 manata (1 manat/8,1566 lirə) enib ki, bu da yeni tarixi minimum sayılır.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında aparılan hesablamalara görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 28,1%, ilin əvvəlindən isə 46,5% azalıb.

Dekabrın 10-da azalmış ehtiyatlarına baxmayaraq, Türkiyə Mərkəzi Bankı (TMB) bazara müdaxilə edərək növbəti dollar satışı üzrə əməliyyatlar həyata keçirmişdi. Son iki həftə ərzində TMB bazara artıq üç dəfə müdaxilə edib və 2 dekabrda həyata keçirilən olan müdaxilə son 7 il ərzində ilk dəfə qeydə olunan rəsmi ehtiyatlarından dollar satışı idi. Nəticə olaraq müdaxilələrin gözəçarpan fərqi hiss olunmasa da, hazırda lirənin dollara qarşı məzənnəsinin 1 dollar/13,8596 lirə səviyyəsində qalıb.

Qeyd edək ki, geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsinin yüksəldilməsi istəklərinə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və "iqtisadi müstəqillik müharibəsində" qalib gələcəyinə söz verib.

Xatırladaq ki, artan illik inflyasiyaya baxmayaraq (noyabrda 21,31%), bu il TMB uçot dərəcəsini 19%-dən 15%-ə qədər azaldıb və yumşaq monetar siyasətini davam etdirir. Sözügedən fonda "S&P Global Ratings" reytinq agentliyi Türkiyənin "B+" və "BB-" səviyyələrində olan xarici və yerli valyutada sorğulanmamış uzunmüddətli suveren kredit reytinqləri üzrə proqnozunu "stabil"dən "mənfi"yə endirib. Bundan əlavə, agentlik bildirib ki, yumşaq monetar siyasət və lirənin əhəmiyyətli dərəcədə dəyər itirməsi inflyasiya təzyiqlərini daha da artıracaq və nəticədə istehlak qiymətlərinin illik artımı 2022-ci ilin əvvəlində 25-30% təşkil edə bilər.