"Ən əsası kreditorlar komitəsi boş-boş danışıqlar yeri deyil, işlək qurum olmalıdır”.
"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov Kreditorlar Komitəsinin mahiyyətindən (müflisləşən banklarda pulu qalanlar nə etməlidir?) danışarkən deyib. Ekspertin sözlərinə görə, kreditorlar vəsaitlərinin xeyli hissəsini qaytarmaq istəyirlərsə, komitə rəhbərliyinə peşəkarları cəlb etməlidirlər:
"Bu ay bir neçə müflisləşmiş bankın kreditorar komitəsinin ilk iclası olacaq. Xatırladıram ki, kreditorlar komitəsi müflis bankda pulu qalanların qurumudur. Həmin qurum ləğvediciyə (Əmanətlərin Sığortalanması Fonduna) nəzarət etməlidir ki, o, bankın olan-qalan əmlakının başına daş salmasın və onu kreditorlar arasında ədalətli şəkildə bölsün.
1. Heç bir kreditora qanunsuz ödəniş etməsin (heç kəsi "qabağa salmasın”);
2. Bankın əmlakını qənaət rejimində idarə etsin ("otkat”lara, yersiz xərclərə yol verməsin);
3. Bankın əmlakını açıq hərracda tezliklə dürüst satsın (su qiymətinə satmasın);
4. Banka borcu olanlardan borcu vaxtında və dürüst tələb etsin (borclularla sövdələşməyə və güzəştlərə getməsin);
5. Pərdəarxası oyunlara getməsin, korrupsiyaya qurşanmasın və s. və i.a”.
Bütün bunlara necə nail olmaq olar?
Əkrəm Həsənov bildirib ki, komitə ləğv prosesini tam nəzarətə götürməli, bütün sənədlərlə tanış olmalıdır:
"Bunun üçün apelyasiya məhkəməsindəki ləğv icraatına üçüncü şəxs kimi də qoşulmaq lazımdır. Komitə ləğvedicidən rüblük hesabatları və ləğv planını alıb təhlil etməli, etirazlar və vəsatətlər verməlidir. Komitə bütün hərraclara nəzarət etməlidir. Ən əsası isə banka borcu olan və barəsində məhkəmə prosesinə başlanılanlar barədə ləğvedicidən məlumat tələb etməlidir. Ləğvedici saf niyyətlidirsə, şəffaf olmalıdır. Yeri gəmişkən, komitə olmadan da ləğvedici qanunvericiliyin tələblərinə əsasən kreditorlara rüblük maliyyə hesabatı və ləğv planını təqdim etməlidir. Amma etmir. Ləğv prosesi əvvəlki illərdə olduğu kimi qeyri-şəffaf və qanun pozuntuları ilə həyata keçirilir”.
Ekspert hesab edir ki, Əmanətlərin Sığortalanması Fondunun hazırda savadlı və dürüst rəhbəri var:
"Amma orada başda müavini Vüqar Abdullayev olmaqla köhnə komandanın da nümayəndələri çoxdur. Onların necə işləməsinə isə yaxşı bələdik. Buna görə də komitələr elə ilk növbədə Fondun yeni rəhbərinə dəstək olmalıdırlar. Çünki o təkbaşına bu proseslərə nəzarət edə bilməz. Ümumiyyətlə, kreditorların özündən başqa ləğv prosesinin dürüst və ədalətli həyata keçirilməsində heç kəs daha çox maraqlı ola bilməz. Buna görə də fəal, prinsipial və ardıcıl olmaq lazımdır. Başqa cür pulları qaytarmaq mümkün deyil”.