"Son 7 ildə ilk dəfə neftin qiyməti 87 dolları ötüb, amma bizim banklarımızdan dollar almaq xeyli çətinləşib (bəziləri ümumiyyətlə satmır). Digər tərəfdən, banklarımız əhalidən dolları Mərkəzi Bankın məzənnəsi (1,7) ilə alır”.
"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov bankların dollar satışını dayandırmasından danışarkən deyib. Ekspert bildirib ki, banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər dollar ala bilmirlər:
"Banklar axmaq deyil ki, hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alsınlar. Elə birdəfəlik həmin məzənnə ilə Mərkəzi Bankdan bir neçə milyon alarlar da. Deməli, ala bilmirlər, Mərkəzi Bank satışı məhdudlaşdırıb. Digər tərəfdən, bankların özü də dollar satışını məhdudlaşdırıb. Deməli, əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir.
Nəticədə, ajiotaj, panika artır. Dollara tələbat da artır.
Devalvasiyanın olacağı haqda söz-söhbət də artır. Axı 2015-ci ilin fevral və dekabr aylarında da devalvasiya öncəsi dollar tapmaq mümkün deyildi”.
Yəni devalvasiya olacaq?
Əkrəm Həsənov bildirib ki, devalvasiya böyük ehtimalla olmayacaq:
"Çünki 2015-ci ildən fərqli olaraq neftin qiyməti yüksəkdir. Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır. Üstəlik qiymət artımı fonunda hökumətin devalvasiyaya getmə ehtimalı azdır: iqtisadi problemlər və sosial narazılıq arta bilər.
Bəs onda nə baş verir? Yeganə ehtimal qalır: kimlərsə "qara bazar"a pas ötürür, yəni onu təşviq edir. Dollara çox ehtiyacı olanlar (əsasən sahibkarlar) naəlac qalıb "qara bazar"a üz tutur və oradan istədiyi qədər dolları alır. Təbii, bankların məzənnəsindən yüksək qiymətlə. Ümumiyyətlə, ölkədə 2 ildən artıq mövcud olan valyuta alışına qanunsuz 20000 manatlıq limitin nəticələrindən biri elə "qara bazar"ın aktivləşməsidir”.
Ekspert kimlərinsə "qara bazar"ı himayə etdiyini deyib:
"Kimdir bu kimlər? Cinayətkarlar? Ola bilər! Amma o da ola bilər ki, onlar özlərini cinayətkar saymır və guya dövlət maraqlarına qulluq edirlər. Misal üçün, məsələni yuxarılarda elə təqdim edilər ki, guya bir güllə ilə iki quş vururlar: 1) devalvasiya baş vermir və əhalinin mütləq əksəriyyətinin narazılığı baş vermir (sadə insanların xırda dollar ehtiyacları qarşılanır); 2) valyuta ehtiyatları çox ərimir, çünki iri dollar satışları "qara bazar" vasitəsilə yüksək məzənnə ilə satılır. Mən bilmirəm mövcud vəziyyəti kimlər yaradıb. Axmaqlar, canilər, yoxsa ingilisdilli qlamur boşboğaz "ağıllılar". Təkcə onu bilirəm ki, bu əməllə dövlətin iqtisadi qüdrətini sarsıdırlar. Hələ də başa düşmürlər ki, dövlət qanunlarla idarə olunmalıdır. Oyun qaydalarına riayət olunmalıdır”.
Əkrəm Həsənov əlavə edib ki, rəsmi məzənnə varsa, onunla da valyuta mübadiləsi əməliyyatları məhdudiyyətsiz həyata keçirilməlidir:
"Əks halda, dövlətə etimad azalır. Xüsusən sahibkarlar tərəfindən. Axı son nəticədə mövcud vəziyyətdən əziyyət çəkən məhz onlardır. "Qara bazar"a göndərilən də onlardır, səssiz-səmirsiz ziyana uğrayan da onlardır. Əllərində olan layihələri icra edə bilməyən, yeni müqavilələr bağlamaqda əziyyət çəkən (qeyri-müəyyənliyə görə) onlardır. Ən əsası isə ölkədə sahibkarlıqla məşğul olmaq istəyən, bura pul yatırmaq istəyən potensial sahibkarların sırası azalır. Deməli, get-gedə pul da azalacaq, iqtisadi aktivlik də. Axmaqlar, canilər və ingilisdilli qlamur boşboğaz "ağıllılar" da şələ-küləsini götürüb gedəcək. Talamağa bir şey qalmayanda. Biz isə burada qalacağıq. Neftsiz, amma manatla...”