USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rus valyutası bir gündə 14 rubl ucuzlaşdı, neftin qiyməti 102 dollara çatdı

24.02.2022 İqtisadiyyat
0 0
"Rusiya ilə Ukrayna arasındakı savaş dünya bazarlarına da təsirsiz ötüşməyib. Şərqi Avropadakı gərginlikdən təsirlənən birjalarda Brent markalı neftin qiyməti bir gündə 6 faiz artaraq 100 dolarlıq psixoloji həddi keçib. Artıq Brent neftinin 1 bareli 102 dollara təklif olunur”.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, gündəlik 12 milyon barel neft hasil edən Rusiya enerji bazarında qiymətlərə təsirini qoruyub saxlayır:


"İnvestorlar xüsusən də Rusiyanın neft ixracatında dayanmaların olacağından ehtiyatlanırlar. Bu da neftin qiymətinə xüsusi təzyiq yaradır. Avropada baş verən şavaş qitənin vahid puluna da təsirsiz ötüşməyib. Dünən dollara nisbətən 1.135 kursu ilə dəyişdirilən avro bu günki birjalarda 1.122 məzənnəsinədək ucuzlaşıb. Avropa İttifaqının sərhədlərində baş verən savaşdan qitə iqtisadiyyatı da təsirlənməkdədir”.



Deputat hesab edir ki, Rusiya iqtisadiyyatı da savaşdan qazanan tərəf deyil:

"Öncədən proqnozlaşdırdığımız kimi rubl dəyər itirməkdə davam edir. Bir gündə 7 faiz ucuzlaşan Rusiya pulunun dollara məzənnəsi artıq 90-a yaxınlaşır. Ötən həftəni 1 dollar 76 rubl kursu ilə başa vuran Rusiya valyutası hər dollarda 14 rubl bənd ucuzlaşıb. Rublun məzənnəsinin növbəti dövrdə dəyişməsi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların miqyasından da asılı olacaq”.

Vüqar Bayramovun fikirincə, regionda formalaşan yeni düzən fonunda hadisələr çox çevik olaraq dəyişməkdə davam edəcək.