SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) fəaliyyətini müvəqqəti dayandırması Azərbaycanda ən çox istehlak olunan Aİ-92 benzinin qıtlığının yaranacağı, qiymətinin bahalaşacağına dair müzakirələrə səbəb oldu. Müxtəlif mənbələrin yaydığı məlumatlarla bağlı SOCAR məcbur olaraq ikinci dəfə də açıqlama verdi.
Həmin açıqlamada NEZ-də aparılan yenidənqurma proqramı çərçivəsində 2022-ci il üzrə əsaslı təmirlə bağlı iş həcminin müəyyənləşdirilərək kompleks tədbirlər planının hazırlandığı qeyd olunur: “Nəticədə 4 aprel 2022-ci il tarixdən etibarən “NEZ” əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzunmüddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir. Təmirə dayanma zamanı SOCAR və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcək.
Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Belə ki, NEZ-in strukturuna daxil olan keçmiş “Azərneftyağ” NEZ-in bir sıra qurğuları istismarını davam etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal olunacaq. Həmçinin ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək. Fevral ayından etibarən müvafiq yanacaq ehtiyatının formalaşdırılmasına başlanılıb və hazırda da davam etməkdədir. Bununla əlaqədar, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkədaxili tələbat tam həcmdə təmin ediləcək”.
Mövzu ilə bağlı “Yeni Müsavat”ın sorğusuna SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən verilən cavabda qeyd olunur ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) təmir prosesi başlamamışdan əvvəl əmtəə sahəsində maksimum miqdarda Aİ-92 markalı avtomobil benzini ehtiyatı yığılıb: “NEZ təmirə dayanmadan öncə, təmir müddətində daxili tələbatın tam ödənilməsi məqsədilə 150 000 ton Aİ-92 markalı avtomobil benzininin idxalı planlaşdırılmışdır ki, onun 50 000 tonu artıq idxal olunmuşdur, 100 000-ton Aİ-92 markalı avtomobil benzinin idxalı isə qrafikə uyğun olaraq davam etdirilir”.
Sorğumuza verilən cavabdab o da aydın olur ki, NEZ-də istehsalın bərpası cari ilin may ayının ikinci on günlüyünə planlaşdırılır.
Bəs Bu müddətdə Aİ-92 benzinin qiymətində dəyişiklik etmək zərurəti varmı? SOCAR belə təşəbbüs qaldırıbmı? Cavabda qedy olunur ki, “Aİ-92 markalı avtomobil benzinin qiyməti SOCAR tərəfindən tənzimlənmir”.
Qeyd edək ki, yanvar ayında Azərbaycana Aİ-92 markalı benzin idxal olunmayıb. Fevralı ayında cəmi 7132,54 ton idxal qeydə alınıb. Bunun 3933,98 tonu Rusiyadan, 3198,57 tonu Türkmənistandan alınıb. Rusiyadan alınan məhsulun 1 tonu 966,7 dollara, Türkmənistandan alınan isə 918,7 dollara başa gəlib. Buradan görünür ki, Türkmənistandan idxal olunan benzin daha ucuz başa gəlsə də, nədənsə ağırlıq Rusiyaya salınır. Eyni zamanda rəsmi statistikadan aydın olur ki, SOCAR-ın açıqladığı 50 min ton Aİ-92-nin 42,8 min tondan çoxu mart ayında reallaşıb.
Nəhayət, rəsmi statistika göstərir ki, Aİ benzininin bir litrinin idxalı bütün rüsumlardan azad olunsa belə, 1,50-1,56 manata başa gəlir. Ölkədə pərakəndə satış qiymətinin 1 manat olduğunu nəzərə alsaq, idxal olunan məhsulun topdansatışının ən yaxşı halda 80 qəpik təşkil etdiyini, bunun nəticəsində idxal qiyməti ilə ikiqata yaxın fərqin yarandığını söyləyə bilərik.