USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çörək 30-35% bahalaşa bilər, ancaq problem bahalaşma deyil... - EKSPERT

19.04.2022 İqtisadiyyat
0 0
"Qısa zamanlı çıxış yolu un və çörək istehsalçılarına ciddi dövlət dəstəyinin göstərilməsi, düşünülmüş dotasiya siyasətinin aparılmasıdır. Bu sahə vergilərdən azad edilib, bu yaxşıdır, amma un-çörək istehsalçılarına dotasiyalar ayrılmalıdır”.

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli buğda ixracatına qoyulan qadağaların Azərbaycana təsirini şərh edərkən deyib. Onun sözlərinə görə, bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 62 391,26 dollar dəyərində 182 864,17 ton buğda idxal edilib:
Ətraflı

"Ötən ilin 1-ci rübü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6% artıb, həcmi isə 2,7% azalıb. Yəni ölkəyə idxal edilən taxılın həcmi azalıb, dəyəri isə artıb. Hər il məmləkətə un və çörək istehsalı üçün xaricdən 1 mln. 150 min ton taxıl alınmasına ehtiyac var. Dünyada taxılın qiyməti son aylarda 30% artıb, Rusiya öz taxılını ixrac etməyə məhdudiyyətlər qoyub, Azərbaycan isə buğda təlabatının 80%-nə yaxınını Rusiyadan tədarük edirdi. İndi Qazaxstan və Hindistanla danışıqlar gedir, çox güman razılaşmalar olacaq, ölkədə taxıl qıtlığı gözlənilmir, amma qiymət kəskin artacaq - yaxın həftələrdə un, un məmulatları və çörəyin qiyməti 30-35% civarında arta bilər”.
Ekspert indiki durumdan 3 çıxış yolu olduğunu hesab edir:

"Biri orta-uzun vədəli, digər ikisi isə qısa, qisa-orta zamanda həll olunmalı məsələlərdir. Orta-uzun zamanda, təbii ki, özümüz keyfiyyətli buğda istehsalını artırmalıyıq. Bu gün ölkədə istehsal olunan buğdanın cəmi 25%-i keyfiyyətli un istehsalına və çörək bişirməyə yararlıdır, yerdə qalan təlabatın 75%-i xaricdən alınan buğda ilə ödənilir. İnsan övladı 11 min ildir ki, qədim Mesopatamiyadan başlayaraq buğda əkib-becərməyə başlayıb, primitiv də olsa selekseya işləri apardı, suvarmanı təkmilləşdirdi – amma Azərbaycan hələ də özünü keyfiyyətli buğda ilə təmin edə bilmir. Çünki işə elmi yanaşma yoxdur, toxumçuluq zəifdir, suvarma və gübrə problemi var”.

Natiq Cəfərlinin fikirincə, qısa-orta zamanlı həll yolu daha fəlsəfi və qəlizdir, amma çox vacibdir:

"Qiymət artımının özü problem deyil, problem ölkə vətəndaşlarının gəlirlərinin az olmasıdır. Gəlirlər qiymətlərdən daha sürətlə artmalıdır ki, inflyasiya sosial problemə, kasıblığa səbəb olmasın. Bunun üçün isə hökumətin biznesə, özəl təşəbbüslərə münasibəti kökündən dəyişməlidir. Prezidentin özü çıxışlarında tez-tez "natəmiz iş adamları, işbazlar, möhtəkirlər”, kimi sözlər işlədirsə, deməli, ölkədə iş adamlarına, özəl təşəbbüslərə şübhəli və ögey münasibət var. Nə qədər ki, ölkədə özəl sektorda çalışanlara, kiçik-orta sahibkarlara hörmət məmurlardan daha yüksək olmasa, gəlirlərdə artım olmayacaq. Gəlirlər artmasa, qiymət artımına reaksiya daha kəskin olacaq, sosial gərginlik üçün zəmin artacaq...”

Qaynarinfo