USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda avtomobillərin kirayəyə verilməsi biznesi özünü doğruldurmu?

02.11.2022 İqtisadiyyat
0 0
Azərbaycanda avtomobillərin kirayəyə verilməsi, yəni “rent a car” xidməti getdikcə genişlənməkdədir. Bu sahədə fəaliyyət göstərən şirkətlər həm toy mərasimləri, həm də gündəlik istifadə üçün vətəndaşlara müxtəlif nəqliyyat vasitələri təklif edir. Bəs bu biznes özünü doğruldurmu?

“Bu xidmətə tələbat var, amma …”

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, Azərbaycanda avtomobil kirayəyə götürməyə həm ölkə, həm də xarici vətəndaşlar böyük maraq göstərir. Amma bu o demək deyil ki, “rent a car” şirkətləri “qaz vurub, qazan doldurur”. Bu işin də öz çətinlikləri var: “Təəssüf ki, bəzən cinayətə meyilli insanlar kirayəyə avtomobil götürür, onun ehtiyat hissələrini söküb satır və yaxud başqa cinayət tərkibli əməllər edirlər. Və yaxud bu gün xarici vətəndaşlar arasında ərəb turistlər avtomobil kirayəyə götürməkdə öndə gedirlər. Amma onlar da çox vaxt maşınları nə cür gəldi sürüb, pis vəziyyətə salırlar. Yalnız sığorta hesabına ziyan müəyyən qədər ödənilir”.

“Bu sahəni təkmilləşdirə bilərik”

Onun fikrincə, kirayə avtomobil bazarında daha çox iş görməyə, bu sahəni təkmilləşdirməyə ehtiyac var: “Məsələn, bir sıra inkişaf etmiş ölkələrdə istənilən yerdə avtomobili kirayəyə götürüb, istənilən yerdə də təhvil vermək, və yaxud maşınla digər ölkəyə keçmək olur. Bizdə bu sistem hələ formalaşmayıb, lakin bu sahəni inkişaf etdirə bilərik”.

“Avtomobil kirayəsinə tələbat yoxdur”

Azərbaycandakı “rent a car” şirkətlərindən birinin rəhbəri İsmət Cəfərli isə deyir ki, avtomobil kirayəsi bazarında dinamiklik aşağı səviyyədədir: “Hazırda işlərimiz zəifdir və “rent a car”a tələbat azdır. Həm toy, həm də gündəlik sürmək üçün kirayəyə verdiyimiz avtomobillərimiz boşdur. Ümumiyyətlə, hər il avtomobil kirayəsinə tələbat azalır. Toy üçün kirayəyə maşın götürülməsi halları da çox azdır. Bu gün hər kəsin xarici brend avtomobili olduğundan toy üçün başqa avtomobil kirayəyə götürməkdənsə, öz avtomobillərini bəzətdirirlər. Daha çox təcili toy və yaxud yas mərasimlərinə getməli olanlar kirayəyə avtomobil götürür. Bəzən kiminsə maşını xarab olur və təcili lazım olduğu üçün gəlib “rent a car”dan maşın götürür. Yəni zəruri hallarda bizə müraciət edirlər. Adi hallarda isə atomobil kirayələyib sürən demək olar ki, yoxdur”.

“Hər adama maşın vermirik”

Onun sözlərinə görə, xoşagəlməz hallardan qaçmaq üçün hər adama maşın verilmir: “Kirayəyə verdiyimiz avtomobillərin qəzaya düşməsi halları azdır. Belə bir daxili qaydamız var ki, müştərinin yaşı azı 22-23, sürücülük vəsiqəsini istifadə müddəti isə azı 3 il olmalıdır. Çalışırıq avtomobilləri elə adamlara kirayəyə verək ki, hansısa problem yaranmasın. Həmin şəxsi nəzarətdə saxlayırıq. “GPS” vasitəsilə avtomobilin hara getdiyinə, gündə neçə saat işlədiyinə nəzarət edirik. Bir neçə dəfə olub ki, müştəri avtomobili təhlükəli idarə edib və biz ondan həmin avtomobili geri tələb edib ödənişini də özünə qaytarmışıq. Müştəridən maşını geri alanda necə vermişiksə, elə də geri alırıq. Əgər maşın veriləndə avtomobilin yacanaq çəni tam dolu olubsa, geri alanda da bu cür tələb edirik”.

“Kirayə qiymətləri artmayıb”

Müsahibimiz deyir ki, pandemiya dövründə kirayə qiymətləri artmayıb: “Benzin bahalaşsa da, “rent a car” qiymətləri artmayıb. Əksinə, bəzi modellərdə qiymətdə müəyyən enmələr olub. Avtomobillərin kirayə qiyməti sürüləcək məsafədən və kirayə günlərinin sayından asılı olaraq dəyişir. Gün sayı çox olanda qiymət aşağı enir. Avtomobilləri kirayəyə ən azı iki günlük veririk. Ekonom avtomobillərin kirayə qiyməti təqribən günlük 55-60 manatdır. Bahalı maşınların isə kirayə qiymətləri 120 manatdan 250 manata qədər dəyişir. Məsələn, “Mercedes Brabus”, “Mercedes Galendewagen” kimi avtomobillərin kirayə qiyməti bir gün üçün təqribən 250 manata düşür”.