Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.
"Kommersant.az" xəbər verir ki, dəyişikliklə Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib.
Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsinə 10 və 11-ci bəndlər əlavə olunur.
Əlavəyə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.
Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 2 500 manatdan 4 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 452-ci (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsində nəzərdə tutulan cəzalar həm də aptek təşkilatlarına dair tələblərin pozulmasına da aid ediləcək.
Maddəyə edilən əlavə bəndlərə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə olunur.
Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.
Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.