USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ailəmi maaşımla güclə saxlayıram” - DEPUTAT

30.11.2018 İqtisadiyyat
0 0
Azərbaycan Ali Məhkəməsinin sabiq sədri, Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli “Ölkə.Az” xəbər portalına müsahibə verib.

"Kommersant.az" həmin müsahibəni təqdim edir:

"Qurban Məmmədov məndən üzrxahlıq etdi"

– Bu yaxınlarda sizin dövlət himni ilə bağlı təklifiniz sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Sizə qarşı etiraz edən şəxslər var idi. Bütün bunlara münasibətiniz necədir?

– Mən bütün varlığımla istəyirəm ki, Milli Məclisin nüfuzunu qalxsın, deputatlarımızın nüfuzu daha da artsın. Mən ötən əsrin 90-cı illərində də deputat olmuşam. O zaman bütün dövləti məsələlər Parlamentdə həll olunurdu və deputatın nüfuzu da çox yüksək idi. Ancaq baxmayaraq ki, indi Milli Məclisin çox gözəl binası və yüksək iş şəraiti var, amma bəzi qanunvericiliklə bağlı məsələlərə edilən dəyişikliklər bizim nüfuzumuzu aşağı salır. Buna görə də bəzən sosial şəbəkələrdə bizi qınaq obyektinə də çevirirlər. Hətta, müsbət dediyin fikirləri də mənfiyə yozurlar, bizə inanmırlar. Ona görə də bu inamı bərpa etmək lazımdır.

Çox təəssüf ki, son vaxtlar biz deputatların gözdən salındığını görürük. Mən bu yaxınlarda sonuncu bir aylıq hesabatımı çap etdim. İndiyədək mən bu qədər çıxışlar etmişəm. Amma sosial şəbəkələr təkcə mənim himnlə bağlı söylədiyim fikirlərin üzərinə düşdü. Bu insanlara izah edə bilmirəm ki, mən bunu gündəmi dəyişmək üçün etməmişəm. Fəaliyyətim dövründə mən Milli Məclisdə problemli kreditlərlə bağlı, şəhid ailələrinə dəstək verilməsi, Cümhuriyyət qurucuları üçün abidə ucaldılması və digər bu kimi aktual məsələləri qaldırmışam. Amma məsələ orasındadır ki, mən bütün bunları deyirəm, ancaq yenə də məni təhqir edirlər. Sanki mənim digər çıxışlarımdan xəbərləri yoxdur. Mənim bir fikrimi təhrif edərək, xaricdə yaşayan blogerlər sosial şəbəkələrdə məni aşağılamağa çalışırlar. Bu yaxınlarda Qurban Məmmədov da mənim fikirlərimi götürüb müzakirə edirdi. Sonra məndən üzrxahlıq etdi. Əslində, mənim fikirlərimi konteksdən çıxaran "Kanal 13" olub. "Kanal 13" fikirlərimi tapıb çıxarıb sosial şəbəkələrə, orada da mənə qarşı kampaniya aparılırdı.

Baxın görün xaricdən Azərbaycana qarşı kampaniya aparan həmin adamlar bu gün qrant vəasiti üstündə bir-birlərini necə qırırlar. Necə ki, müxalifət partiyaları bir-birini gözdən salmaqla iqtidara gələ bilmirlər, xaricdəki həmin blogerlər də bir-birlərini gözdən salmaqla özlərinin "böyük" görünəcəyini düşünürlər. Ancaq anlamırlar ki, xalqımız bu adamlardan ümumiyyətlə imtina edib.

İyrənc şərhlər yazmaqla özlərini xalqın gözündə daha da iyrəndirirlər. Axı bunlar Azərbaycan cəmiyyətini hara aparmaq istəyirlər? Xalq bunlara dəstək vermir, bunlar da xalqı bu cür formalarda aldatmağa çalışırlar. Həmin xaricdəki adamlar Azərbaycanda yaxşını gözü götürmək istəmirlər, ölkənin inkişafına laqeyddirlər, ancaq pis nə isə axtarırlar. Məgər mən himnimizi təhqir etmişəm? Halbuki, himnimizi dəyişmək təklifini başqaları verib. Himnin mətni və musiqisi də dəyişdirilib. Mənim təklifim isə burada təkrarların aradan qaldırılmasıdır. Qarabağın azadlığı üçün mənim istəyim millətin heyratı üzərində bir himninin olmasıdır. Mən başqa nə isə istəmirəm. İndi məni bu fikirlərimə görə gözdən salırlar. Bu adamlar xaricdə oturub çox qaraguruh yaradıblar. Artıq bunların vasitəsilə söyüş mexanizmi işə düşüb. Avtomatik söyüşlər söyürlər, bizi təhqir etməklə onlar özlərini söyürlər.

Çox təəssüf edirəm ki, Azərbaycanda bu cür abu-hava var. Yüz il öncə Fransada da belə bir vəziyyət vardı. Həmin dövrdə xalq Fransanın maarif və ictimai xadimlərini xatırlamaq istəmirdilər. Onlar deyirdilər ki, Fransa cəmiyyətində nümunə göstərilə biləcək bir insan yoxdur. Hamı bir-birinə nifrət edirdi. Amma müharibədən sonra Fransa cəmiyyəti özünə gəldi.

Mənim dediyim odur ki, Azərbaycan cəmiyyətini bu qədər mənfilərə kökləmək lazım deyil, yaxşı adamları da təbliğ etmək lazımdır.

"Adama sual verərlər ay balam, sənin Parlamentdə nə işin"

– Şou-biznes nümayəndələrinin Milli Məclisin deputatlığına namizədliyini irəli sürməsi məsələsinə necə baxırsınız?

– Azərbaycanda 18 yaşı tamam olmuş hər bir vətəndaşın deputatlığa namizəd olması mümkündür. Bununla bağlı məhdudiyyətlər aradanq aldırılıb. Hər kəsin deputat olmaq səlahiyyətləri var. Amma mən istəyirəm ki, deputatlarımız peşəkar insanlar olsun. Yəni, peşəkar iqtisadçılar, hüquqşünaslar və digər nüfuzlu insanlar deputat olmalıdır. Təbii ki, tanınmış mədəniyyət xadimləri də deputat ola bilərlər. Bunu seçici müəyyən edir. Daha bunu şouya çevirməyin tərəfdarı deyiləm. İctimai statusu olan tanınmış mədəniyyət adamlarının da deputatlığa namizəd olmasında problem görmürəm. Misal üçün, Rasim Balayev kimi şəxslərin Milli Məclisdə olmağına pis baxmıram. Əgər seçicilər onu seçərsə, o da deputat ola bilər. Belə ciddi düşünən cə ictimai yükü olan şəxslərin Milli Məclisdə təmsil olunmağı əlbəttə ki, yaxşı olardı. Amma mən ad çəkmirəm, son parlament seçkilərində tamamilə qeyri-ciddi şəxs kimi tanınan bir şou-biznes adamı Milli Məclisə deputat olmaq istəyirdi. Adama sual verərlər ay balam, sənin Parlamentdə nə işin var? Milli Məclis ciddi bir orqandır, ölkənin taleyini həll edən məsələlər burada müzakirə olunur. Elə bir vəzifəli şəxs yoxdur ki, Parlament onun taleyini həll edə bilməsin. Belə bir orqan çox ciddi fəaliyyətlə olmalıdır.

"8 nəfərlik külfətim var, ancaq ailəmi maaşımla güclə saxlayıram"

– Akademik Abel Məhərrəmovun ölkə başçısının Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu məsələ ilə bağlı siz nə deyə bilərsiniz?

– Bilirsiniz, Bütün Qafqazın Şeyxi bu məsələ ilə bağlı verdiyi müsahibəsində bildirib ki, o, Abel Məhərrəmovun spirtli içki içdiyini görməyib. İndi belə bir vəziyyət yaranıb. Ancaq mənim bu məsələ ilə bağlı fikrim odur ki, biz ictimai-siyasi vəziyyətin sağlamlaşdırılması ilə məşğul olmalıyıq. Heç kim öz vəzifəsindən sui-istifadə edə bilməz. Mən ad çəkmək istəmirəm. Vaxtilə mən vəzifədə olan zaman bir nəfər mənə yaltaqlandığı üçün onu dərhal işdən çıxartdım. Bir dəfə də eşitdim ki, qardaşım adımdan istifadə edir. Daxili işlər nazirinə dedim ki, gedib qardaşımın fəaliyyətini yoxlayın, əgər qanunsuz əməli varsa həbs edin. Əgər bu gün mən qanunu pozmuramsa, özüm üçün dövlət vəsaitləri hesabına şərait yaratmıramsa, balaca bir gəlir yeri belə yaratmıramsa, o zaman nə üçün başqası bunu etməlidir? Yəni, bu təkcə Abel Məhərrəmova deyil, hamıya aiddir. Elə bir sağlam ictimai mühit yaratmaq lazımdır ki, kimsə dövlət vəsaitini oğurlaya bilməsin, qanundan qorxsunlar. Əgər min nəfər qanunsuz fəaliyyətlə məşğul olursa, onların içərisindən yalnız bir nəfərin məsuliyyətə cəlb edilməsinin də tərəfdarı deyiləm. Bəs digərləri necə olacaq? Sağlamlaşdırmanı bütöv aparmaq lazımdır. İndi cənab Prezident də sağlamlaşdırma islahatlarına başlayıb, yəqin ki, müsbət nəticələri olacaq. Biz gec-tez Avropanın mənfi dəyərlərini necə rədd ediriksə, onun müsbət dəyərlərini də qəbul etməliyik. Qanunun aliliyi, insanların sui-sitifadə hallarına yol verməməsi və digər bu kimi dəyərlərlə bağlı cəmiyyətimizi daha çox sağlamlaşdırmalıyıq. Kadr siyasətində də çox ciddi işlər aparılmalıdır. İndi Abel Məhərrəmovu vəzifəsindən azad etmək cənab Prezidentin müstəsna səlahiyyətidir. Ölkə başçısı lazım bilib belə bir addım atır. Ancaq biz nə üçün kimsə vəzifədən çıxarılandan sonra onun üstünə tökülüşməliyik? Bu da mənə pis təsir edir. Əgər kiminsə təqsiri varsa, o məsuliyyətə cəlb olunmalıdır. Dediyim odur ki, bu cür hallar fərdiləşdirilməməlidir. İctimai qınaq elə olmalıdır ki, heç kəs vəzifəsindən sui-istifadə etməsin. İnsanların kadr seçimi onların iş qabiliyyətinə görə olmalıdır, şəxsi sədaqətinə görə deyil. Görürsünüzmü, şəxsi sədaqətə görə kadr seçimi sonda sui-istifadə hallarına gətirib çıxarır. Onların hər biri özlərinə və qohum-əqrəbalarına böyük şəraitlər qururlar, bu da cəmiyyətdə böyük qıcıq yaradır. Şəxsən bu cür insanların günahını mən də çəkirəm. Mənim 8 nəfərlik külfətim var, ancaq ailəmi maaşımla güclə saxlayıram. Kimə baxırsan, milyonları, yüksək şəraiti var. Halbuki, mənim onlarda olandan yoxumdur. Amma camaat mənə inanmır. Elə bilirlər ki, mənim də həmin məmurlar kimi yaxşı imkanım var. Bütün bunlar bizim günahımızdır ki, qurunun oduna yaş da yanır.

İnanın ki, elə vaxt olur, biz öz ehtiyacımızı ödəyə bilmirik. Axı biz də biabır oluruq. Biz dövlətin idarəçiliyində necə səmimi görünürüksə, xalq bizə inanmır. Cənab Prezidentin tapşırıqlarını hər bir insan icra etməlidir. Hamı qanunun tələblərinə hörmət etməlidir.

Bu gün yaltaqlıq böyük bəlaya çevrilib. İnanın ki, Azərbaycan iqtidarındakı klassik yaltaqlananların bəlasını biz də çəkirik. O qədər olub ki, hansısa məmurun qanunsuz fəaliyyətinə görə sosial şəbəkələrdə insanlar məni söyürlər, təhqir edirlər. Adam az qalır bezib istefa versin. Belə olmaz axı. Həmin adamların qanunsuz əməllərinə görə əziyyəti biz deputatlar çəkirik.

Bəzən iqtidarın müsbət addımını qeyd edirik. Fikir verin görün ki, yaltaqlananlar kimdir? Ancaq vəzifədə sonaqədər oturub ölənlər, xalın, dövlətin varını-yoxunu talayanlar, bunu qoruyub saxlayanlar, öz üzərlərində işləməyənlərdir. Elmlərini və qabiliyyətlərini artırmaq əvəzinə gəlib kiminsə sayəsində mövqe qazanıblar, hərəsi bir vəzifədə oturub dövləti çapıb-talayır. Bizdə elə məmurlar olub ki, ona təklif olunanda deyib ki, mənə milyon da versən, mən qanunu poza bilmərəm. Amma elə insanlar var ki, onlar qanunu pozmaqdan qorxmurlar, özlərindən yuxarı vəzifəli adamlara isə yaltaqlanmaqdan həzz alırlar. Onlar Azərbaycanın ümumi işinə zərər vururlar. Cənab Prezident dəfələrlə bildirib ki, ictimai nəzarət gücləndirilməlidir. Xalqın gözü tərəzi olmalıdır, obyektiv qiymətləndirmələr olmalıdır.