USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Neft hasilatının həcmi Rusiyadan asılıdır" - OPEK

06.12.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, dekabrın 6-da Vyanada OPEC Nazirlər Şurasının 175-ci iclası keçirilir. İclasın əsas müzakirə mövzusu gələn ilin əvvəlindən etibarən neft hasilatının azaldılmasına nail olmaqdır.

"Kommersant.az" xəbər verir ki, iclasda iştirak edən nümayəndələr kartelin qeyri-OPEC ölkəsi olan Rusiyanın hasilatla bağlı mövqeyini gözlədiyini bildirirlər. Vyanada səfərdə olan Rusiyanın energetika naziri Aleksandr Novak məsləhətləşmələr üçün Moskvaya qayıdıb. O, dekabrın 7-də Avstriyanın paytaxtında keçiriləcək OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə rəsmi Moskvanın mövqeyini təqdim edəcək.

İclas iştirakçıları neft hasilatının həcminin azaldılacağına dair ümumi razılaşmanın mümkün olacağına işarə etsələr də, konkret rəqəmləri açıqlamayıblar. Mütəxəssislərin rəyinə görə, OPEC-ə üzv ölkələr gündəlik hasilatı ümumilikdə 1,3 milyon barrel azaldılmasını nəzərdən keçirirlər.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Son həftələrdə dünya bazarında neftin qiymətinin ucuzlaşması hasilata yenidən baxılması ehtiyacı yaradıb. OPEC qeyri-OPEC ölkələrinin də iştirakı ilə hasilatda düzəlişlər aparılacağına və bazarda qiymətin sabitləşəcəyinə ümid edir.

Azertac