SOCAR Gürcüstan vətəndaşlarının borclarının ödənilməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama yayıb.
"Kommersant.az" xəbər verir ki, açıqlamada bunun şayiə və Azərbaycana qarşı təxribat olduğu bildirilir. "SOCAR olaraq bildiririk ki, Gürcüstan vətəndaşlarının banklara olan borclarının SOCAR tərəfindən ödənməsi ilə bağlı yayılan məlumatlar Azərbaycanın düşmənlərinin yaydığı şayiədir, təxribat və yalandan başqa bir şey deyil. Uzun illərdir qonşu Gürcüstanda fəaliyyət göstərən SOCAR başqa şirkətlər kimi ödədiyi qanuni vergilərdən başqa Gürcüstan dövlətinə və vətəndaşlarına heç bir ödəmə etmir və onların qarşısında heç bir öhdəlik daşımır.
Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla ölkəmiz üçün əlavə gəlir gətirir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə Vətənimiz üçün əldə etdiyimiz gəlirlər ötən il SOCAR-ın ümumi gəlirlərinin 90%-dən çoxunu təşkil edib. Təbii ki, SOCAR-ın əldə etdiyi bu nailiyyətlər Azərbaycan xalqının düşmənlərini heç də sevindirmir və onlar ölkə daxilində asayişi pozmaq və təxribat yaratmaq məqsədi ilə bu şayiələri yaymaqla məşğuldurlar".