USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Təkər ilə hisə verilmiş məhsulu heyvan da yeməz, DİN yalan məlumat yayıb”

12.12.2018 İqtisadiyyat
0 0
“Daxili İşlər Nazirliyinin, mənim balıq, müxtəlif növ quş, eləcə də digər ət məhsullarını antisanitar şəraitdə hisə verdiyim, hisləmə zamanı köhnə təkər qırıntılarından istifadə etdiyim barədə yaydığı məlumat yalandır”.

Bunu açıqlamasında sahibkar Vüqar Səmədov bildirdi.

Vüqar Səmədov dedi:

"Dünən Daxili İşlər Nazirliyinin yaydığı açıqlamanı oxuduqda təəccübləndim. İnsaf da dinin yarısıdır, belə haqsızlıq olmaz. Özləri burda hisləmədə "apilka"dan (yonqar) istifadə etdiyimi görüblər və lentə də alıblar. Bunu ictimaiyyətə başqa cür çatdırmaq haqsızlıqdır. Hətta mənim seximin son zamanlar reyd apardıqları sexlər arasında ən təmizi olduğunu da bildirdilər.

Mən boynumdan atmıram ki, qanunsuz işləmirəm. Bəli, sertifikatlarım yoxdur. Amma buna səbəb imkansızlıqdır. Bu işi qanuni vəziyyətə gətirmək üçün ən azı 20-30 min pul lazımdır. Amma qanunsuz da olsa, mən işimi təmiz aparıram. Məhsulları anti-sanitar şəraitdə hazırlamıram, təkər yandırmıram. Təkər ilə "kaptit" nə qədər ucuz yalandır. Təkər ilə hisə verilən məhsulu heyvan da yeməz. Əgər balıq və ət təkər ilə hisə verilərsə acılıq tamı verər.

İnsanı aldadıb 300 manatlıq mal sifariş verirlər, sonra gəlib üstə çıxırlar və deyirlər ki, "polisdənik". Su polisi. Yaxşı, mən qanunsuz işlədiyimi boynuma alıram. Fəaliyyətimə dəstək versələr, qanuniləşdirsələr mən sevinərəm. Kasıb camaatı fikirləşmək lazımdır. Əgər imkansız bir şəxs iş görürsə onu necəsə qanuniləşdirmək lazmıdır. Axı kasıb da dolanmalıdır..."

Mənim istehsal sahəm balaca yerdir. Gəlib baxıb gördülər ki, tər-təmizdir. Yerin qara olması anti-sanitar demək deyil. Bura tüstü olan yerdir. Divar qara ola bilər.

Vüqar Səmədov qeyd etdi ki, hislənmiş məhsulların hazırlanmasında təzə balıq və toyuqdan istifadə edir.

Vüqar Səmədov əlavə etdi ki, köhnə məhsulların "kaptit" edildiyi barədə deyilənlər də yalandır:

"Mağazalardan "vazvrat" edilən məhsulları hisləməyə verirlər. Onun üstünə düşən yoxdur. Bazarlarda təhlükəli hislənmiş məhsulların satışı ayaq tutub yeriyir. İnsaf da dinin yarısıdır. Nə varsa onu demək lazımdır. Yoxsa Daxili İşlər Nazirliyi yalan məlumat yayır. Təzə məhsulları "kaptit" edib müştərilərə çatdırırıq və müştərilər də məhsullardan razıdırlar. Biz məhsullarımızı yalnız İnternet vasitəsilə satırıq. Bazarlara və ticarət şəbəkələrinə mal vermirik".

Vüqar Səmədov bildirdi ki, polis əməkdaşları yazılı icazə təqdim etmədən obyektinə daxil olublar.

Dünən Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilirdi ki, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız qida məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, idarə əməkdaşları tərəfindən balıq, müxtəlif növ quş, eləcə də digər ət məhsullarını antisanitar şəraitdə hisə verərək bişirməkdə və satmaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Səmədov saxlanılıb. Onun idarə etdiyi "Opel" markalı avtomobilin yük yerinə baxış zamanı hisə verillən 8 ədəd kütüm, 8 ədəd çəki balıqları, 4 ədəd dovşan, 4 ədəd toyuq və 4 ədəd ev ördəyi aşkar olunub.

"Araşdırma zamanı V.Səmədovun qeyd edilən məhsulları Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan, paytaxt sakini Rövşən Zaidlinin həyətində fəaliyyət göstərən qanunsuz obyektdə onunla birgə hazırlandığı müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq idarə əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib. Oradan qeyd edilən məhsulları hazırlamaq üçün istifadə olunan kustar üsulla hazırlanan soba, gigiyenik normalara cavab verilmədən bişirilən hisə verilmiş hazır məhsullar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, hisə verilmiş məhsulları hazırlanmaq üçün istifadə olunan soba köhnə təkər qırıntılarının yanması nəticəsində işə salınır. Yanma prosesi zamanı yaranan kimyəvi üstü həmin məhsullarda müxtəlif bakteriyaların yaranmasını daha da sürətləndirir.

Aşkar edilən məhsullardan götürülən nümunələr ekspertizaya göndərilib. Ekspertiza nəticəsində müəyyən edilib ki, qeyd edilən məhsullar istifadəyə yararsızdır, eləcə də insan orqanizmində ağır qida toksiki infeksiyası qrupuna aid olan botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər. Qeyd edilən faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.

Daxili işlər Nazirliyi hisə verilmiş məhsulları antisanitar şəraitdə müvafiq dövlət qurumlarından icazə almadan hazırlayan və satışını həyata keçirən şəxslərdən bu qanunusuz fəaliyyətlərinə son qoymağı tələb edir. Paytaxt, eləcə də regionlarda bu tipli qanunsuz sexlərin aşkar olunması istiqamətində polis əməkdaşları tərəfindən mütamadi olaraq qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək ",- məlumatda deyilirdi.