Bakı şəhər Xətai rayonunun icra başçısı Razim Məmmədov prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad olunub.
"Kommersant.az" xəbər verir ki, Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Qərbi Azərbaycanda, Sisiyan rayonunun Ağudi kəndində anadan olub.
İlk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq"ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.
1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub.
Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.