USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir yolda tikinti işləri başa çatıb

14.12.2018 İqtisadiyyat
0 0
Respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə uyğun olaraq bu gün əsas diqqət kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər ki, Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən 39,4 kilometrlik avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulub. Tikinti layihəsinə uyğun olaraq 6 min kubmetr yararsız örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının 79 min kubmetr yararsız hissəsi qazılaraq çıxarılıb. Daha sonra 108 min kubmetr torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri aparılıb. Torpaq işləri aparılan hissələr profilə salınıb və kipləşdirilib. Mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığından müxtəlif diametrlərdə 93 ədəd 1028 poqonmetr uzunluğunda yeni metal və dəmir-beton boruların quraşdırılaraq başlıqlarının dəmir-betonla tikintisi işləri həyata keçirilib. Texnoloji ardıcıllığa uyğun olaraq 425 min kvadratmetr sahədə yeni yol əsası inşa olunub. Qum-qırmadaş qarışığından 30 santimetr hündürlükdə əsasın alt layının, ardınca optimal çınqıl qarışığından istifadə edilməklə 15 santimetr hündürlükdə əsasın alt layının tikintisi aparılıb. Daha sonra 235 min kvadratmetr sahədə 12 santimetr hündürlükdə iri və xırda dənəli asfalt beton qarışığından istifadə olunmaqla örtüyün alt və üst layı inşa edilib. Yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə 170 ədəd yol nişanı, 40 ədəd kilometr göstəricisi və 1520 ədəd siqnal dirəyi quraşdırılıb. Hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri də çəkiləcək. Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun yenidən qurulması sakinlərin sevincinə səbəb olub. Tatalılar kənd sakini Boran Namazov deyib: "İş yerim rayon mərkəzində olduğu üçün bu yolları hər gün gedib-gəlirəm. Əvvəllər yollarımız yaxşı deyildi. Odur ki, həm avtomobilimiz sıradan çıxır, həm də vaxt itirirdik. Sağ olsun dövlətimiz, hazırda yollarımız çox rahatdır".

Əlinəzərli kənd sakini Şirxan Şirinov fikrini belə ifadə edib: "Uzun illər idi ki, yol sarıdan çətinlik çəkirdik. Xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində problemlər yaranırdı. Əkib-becərdiyimiz məhsulları, saxladığımız mal-qaranı rayon bazarına apara bilmirdik. İndi isə yollarımız yüksək keyfiyyətlə yenidən qurulub. Bunun üçün dövlətimizə minnətdarlığımı bildirirəm".

Hazırda respublika əhəmiyyətli Yuxarı Qarabağ kanalı-Beyləqan-Daşburun avtomobil yolunun Mingəçevir-Bəhramtəpə yolundan Beyləqan şəhərinədək olan 9,6 kilometr hissəsinin yenidən qurulması işləri də həyata keçirilir.

Tikintidə iş icraçısı Amid Qarayev bildirib ki, yolun yenidən qurulması işləri çərçivəsində yol yatağının və əsasının tikintisi aparılır. Yaxın günlərdə asfalt işlərinə başlanacaq.