USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Pambıqçıların heç birinin əmək müqaviləsi yoxdur"

19.12.2018 İqtisadiyyat
0 0
"Azərbaycanda 2018-ci ilin ötən aylarında pambıqçılıqda 190 min yeni iş yeri yaradılıb. Ancaq bu sektorda işləyənlərin heç birinin əmək müqaviləsi yoxdur. Bunun özü "kölgə iqtisadiyyat"nın bir formasıdır".

"Kommersant.az" xəbər verir ki, bunu "Professional mühasib" jurnalının baş redaktoru, müstəqil auditor Mehdi Babayev bildirib.

Mehdi Babayev qeyd edib ki, bu gün cəmiyyəti aktiv vergi ödəyiciləri və sadə vətəndaşlar qrupuna ayıra bilərik. Adi vətəndaşlar passiv olduğundan onları "kölgə iqtisadiyyatı"nın iştirakçısı hesab etmək düzgün olmaz. "Kölgə iqtisadiyyatı"nın birbaşa iştirakçıları həmin aktiv sahibkarlıq subyektlərinin müəyyən bir hissəsi olacaqdır:

""Kölgə iqtisadiyyatı" bu gün bütün ölkələrdə rast gəlinən problemlərdəndir. Yəni qeyri-rəsmi iqtisadiyyat adlandırılan bu sahə dövlət nəzarətindən və uçotundan kənarda qalır. Təəssüf ki, bəzən həmin sahəni bütünlüklə şəffaflaşdırmaq çox çətin olur. Ancaq elə sahələr vardır ki, onları dövlətdən və cəmiyyətdən gizlətmək mümkün deyil. Məsələn, ev təsərrüfatları və ya icma təsərrüfatları. Bu gün ölkəmizdə aqrar sahənin böyük bir hissəsi, demək olar ki, kölgə iqtisadiyyatının təsirindədir. Azərbaycanda 2018-ci ilin ötən aylarında pambıqçılıqda 190 min yeni iş yeri yaradılıb. Ancaq bu sektorda işləyənlərin heç birinin əmək müqaviləsi yoxdur. Bunun özü "kölgə iqtisadiyyat"nın bir formasıdır. Ümumiyyətlə, aqrar sektor "kölgə iqtisadiyyatı"nın yayıldığı ən geniş sahələrdən biridir. Fermerlər yalnız rəsmi şəkildə işə cəlb etdikləri işçilərin əməkhaqqına görə muzdlu işlə əlaqədar gəlir vergisinin və ödəmə mənbəyindən gəlirlərin vergisinin uçotunu aparırlar. Bu isə fermerin vergi-maliyyə göstəriciləri haqqında müfəssəl məlumat almağa imkan vermir. Bölgələr üzrə əkilmiş və becərilməkdə olan ayrı-ayrı kənd təsərrüfatı məhsullarının uçotu dəqiq aparılmadığına görə düzgün informasiya əldə etmək imkanları də zəifdir. Ona görə də regionlarda yerli icra orqanları və bələdiyyələrin uçot-məlumat işinin təşkilində müxtəlif dövlət qurumları ilə fəaliyyəti uzlaşdırılmalıdır".