Bakıda və rayonlarda qapı-qapı gəzib metal yığanların "bazarı bağlanacaq”. Çünki Milli Məclis "İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik etməyə hazırlaşır.
"Kommersant.az" oxu.az-a istinadən bildirir ki, dəyişikliklər Azərbaycanda əlvan və qara metal tullantılarının qəbulu ilə bağlı tələblərin sərtləşdirilməsini nəzərdə tutur.
Layihədə bildirilib ki, bu dəyişikliklər əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətinin tənzimlənməsi, nəzarətin və şəffaflığın artırılması məqsədi daşıyır.
Belə ki, qanunun 12-ci maddəsinə edilən əlavədə qeyd olunur ki, əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsini qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilərlər.
Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.
"Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin, qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur".
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər ediləcək. Nəticədə, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunacaq.
Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulmasına, yəni: əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən əlvan və qara metal tullantılarının qəbul olunmasına, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan əlvan və qara metal tullantılarının qəbul edilməsinə, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsinə, qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.