USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il 1392,8 min hektar sahədə kənd təsərrüfatı bitkiləri suvarılıb

26.12.2018 İqtisadiyyat
0 0
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində ötən illərdə olduğu kimi 2018-ci ildə də müvafiq tədbirlər işlənib həyata keçirilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən "Kommersant.az"-a verilən məlumata görə, hesabat ilində Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınan torpaq mühafizə bəndlərinin 133 kilometrlik hissəsində möhkəmləndirmə işləri görülüb və 3890 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib.

Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülüb, 5837 hidrotexniki qurğu, 5203 subartezian quyusu, 276 nasos stansiyası təmir edilib.

Çay məcralarında 17,2 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, 10,3 min kubmetr şax-daş və faşın, 2,9 min kubmetr qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 18,4 min kubmetr həcmində təmir işləri yerinə yetirilib.

Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1392,8 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb, 2018-ci il ərzində bütün mənbələrdən, o cümlədən dövlət büdcəsindən, Dövlət Neft Fondundan və Dünya Bankından ayrılmış vəsaitlər hesabına 16 ədəd yeni və 28 ədəd keçid obyektlərində layihələndirmə, əsaslı tikinti-quraşdırma, yenidənqurma və bərpa işləri görülüb.

2018-ci il iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılış mərasimi keçirilib. Tikinti işlərinin tamamlanması ilə Goranboy rayonunun 8000 hektar torpaq sahəsinə suvarma suyu çatdırılıb.

Lerik rayonunda 1100 metr uzunluğunda çirkab su kollektor xətti çəkilib və çirkab su təmizləmə qurğusunda mexaniki avadanlıqların quraşdırılması işləri yekunlaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 15 oktyabr tarixində Lerik şəhərinin içməli su sisteminin və kanalizasiya şəbəkəsinin əhalinin istifadəsinə verilməsi mərasimində iştirak edib.

Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə 1-ci mərhələdə İmişli və Biləsuvar rayonlarının 16 min 863 hektar yeni suvarılan torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün 37 kilometr paylayıcı kanalların tikintisi üzrə işlər yerinə yetirilib. Kanalda betonlama işlərinin başa çatdırılması ilə əlavə olaraq 13 min 145 hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma suyunun çatdırılması təmin olunub. 2018-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Araz çayının yeni qol kanalının istifadəyə verilməsinin açılış mərasimi keçirilib.

Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədilə Goranboy, Şabran və Xaçmaz rayonlarının ərazisində yaradılan Aqroparklarda torpaq sahələrinə suvarma suyun verilməsi üçün nəqledici boru kəməri çəkilib, torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi üzrə işlər görülüb. Şəki və Oğuz rayonları ərazisində yaradılacaq Aqroparkın suvarma suyu ilə təmin edilməsi üçün Türyançay və Ağçay çayları üzərində suqəbuledici və digər qurğuların tikintisi üzrə hazırlıq işlərinə başlanılıb.

Qax rayonunda yaradılan Aqroparka məxsus 888 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün müvafiq işlər görülüb. 2018-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "Ulu Aqro" MMC-nin Qax Aqroparkının açılış mərasimi keçirilib.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun ona bitişik Mirzənağılı kəndlərinin ümumən 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üçün müvafiq işlər yerinə yetirilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli 3781 nömrəli Sərəncamı ilə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün qazılması nəzərdə tutulan 300 ədəd quyusunda qazma işləri tamamlanıb.

Qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2019-cu ildə də suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər işlənib həyata keçiriləcək.