Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu ilin aprel ayında neft hasilatını 2016-cı ilin oktyabr ayı ilə müqayisədə sutkada 2,03 mln. barel azaldıb.
"Kommersant.Az"ın Beynəlxalq Energetika Agentliyinin (International Energy Agency -IEA) may hesabatına istinadən verdiyi xəbərə görə, bununla da təşkilat Vyana sazişini rekord -172% yerinə yetirib. Martda bu göstərici 165% təşkil edib.
Hesabatda bildirilir ki, OPEC-in apreldə neft hasilatı sutkada 130 min barel aşağı düşüb və sutkada 31,65 mln. barel təşkil edib.
IEA həmçinin 2018-ci il üçün neft tələbatının rəqəmlərini də yenidən nəzərdən keçirib. Belə ki, 2018-ci ilin ilk rübündə neftə olan tələbat artıbsa, II rübündə tələbatın azalması gözlənilir. IEA mütəxəssisləri hesab edirlər ki, tələbatın azalması neftin qiymətinin artımı ilə bağlı olacaq və orta hesabla neftə olan qlobal tələbat sutkada 99,2 mln. barel təşkil edəcək.
Xatırladaq ki, 2016-cı ilin sonunda OPEC-ə üzv və qeyri-üzv olan neft ixrac edən ölkələr neft hasilatını sutkada 1,8 mln. barel səviyyəsində azaltmağa qərar veriblər. Razılaşma bir neçə dəfə uzadılıb və sonuncu dəfə 2018-ci ilin sonuna qədər uzadılıb.