USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri açıqlandı

15.01.2019 İqtisadiyyat
0 0
Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla yaradılmış Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb.

Bu barədə "Kommersant.az"a nazirlikdən bildirilib.

Xatırladaq ki, yeni qurum nazirliyin tabeliyində olmuş Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb. Beləliklə, baytarlıq və fitosanitar xidmətlərin təşkil olunması, idarə edilməsi və keyfiyyətinə nəzarət, kənd təsərrüfatı texnikasının qeydiyyatı, texnikaya nəzarət fəaliyyəti və bu sahədə dövlət xidmətləri, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirmək kimi funksiyalar Aqrar Xidmətlər Agentliyinə verilib.

"Agentliyin yaradılması optimallaşmanı, çevik və səmərəli idarəetməni təmin edəcək. Həyata keçirilən islahatlar aqrar sektorda innovativ həllərin tətbiqinə imkan verəcək, elektron xidmətlərə keçidi sürətləndirəcək və şəffaflığı daha da artıracaq. İslahatlar nəticəsində aqrar xidmətlərdə vahid standartlar tətbiq olunacaq. Bu addımlar dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək. Xidmətin keyfiyyətinə daim nəzarət olunacaq. Bu xidmətlər Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) vasitəsilə göstəriləcək, Agentlik bu sahədə DAİM-lərin fəaliyyətini əlaqələndirəcək. Hazırda DAİM-lərdə fermerlərə müxtəlif fəaliyyət növləri üzrə 70-dək xidmət göstərilir. Aparılan struktur dəyişiklikləri ilə əlaqədar bu xidmətlərin sayı daha da artacaq. Fərman aqrar sahədə mövcud çağırışlara cavab verir və vətəndaş məmnunluğunu artırmağa hədəflənib", - deyə məlumatda qeyd olunub.