USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qorxuram ki, bu ixtisarlar bizə baha başa gəlsin"

24.01.2019 İqtisadiyyat
0 0
Deputat Elmira Axundova sosial ipoteka məsələsinin özəl sektorda işləyənlərə də şamil edilməsini təklif edib.

"Kommersant.az" E.Axundovanın sözlərini qafqazinfo-ya istinadən xəbər verir ki, özəl sektorda çalışan bir neçə qrup ailələr var ki, onlar aylıq gəlirlərinin normal olduğunu vurğulayır, ancaq sosial ipotekadan yararlana bilmir: "Hesab edirəm ki, sosial ipoteka bütün gənc ailələrə verilməlidir. Burada dövlət və özəl sektor məsələsinə baxılmamalıdır. Özəl sektorda işləyən yüz minlərlə insan var. Amma onlar dövlətdən heç bir imtiyaz almırlar".

Deputat xatırladıb ki, 2019- cu ilin dövlət büdcəsi layihəsi parlamentdə müzakirə olunanda maliyyə naziri Samir Şərifova aparatın şişirdilməsi məsələsini bildirib:

"Nazir mənə dedi ki, bu düz deyil. Yəni dövlət qulluqçuları ilə bağlı 327 milyon manat artırılma məsələsini nəzərdə tuturdum. Bəli, mən düz demişdim. Cənab prezident bir neçə qurumu ixtisar etdi. Nə qədər artıq qurum var imiş bizdə. İndi bu ixtisarlar gedir. "DOST" mərkəzləri məsələsini müzakirə edəndə nazir Sahil Babayevə sual verdim ki, rayonlarda sizin qurumun 3 filialı var. Bu 3-nü ləğv et, hamısı "DOST"a keçsin. Ancaq dedi ki, bu, tədricən olacaq. Niyə tədricən, birdəfəlik edin də.

İxtisar olunanlar məsələsinə də toxunmaq istəyirəm. Hansısa ixtisarlar olursa, o ixtisar olunanlar hara getsin? Nazirlikdə, qurumlarda boş yerlər çoxdur. Həmin adamları boş yerlərə yerləşdirmək lazımdır. Cənab prezident də sərəncamında qeyd edib ki, həmin qurumlarda ixtisar olunanlar boş yerlərdə işlə təmin olunmalıdır. Mənim yanıma gəlirlər və deyirlər ki, bizi ixtisar etdilər. İnsanları küçəyə atmayın. Mən qorxuram ki, bu ixtisarlar bizə baha başa gəlsin. İxtisar olunan insanların aqibətini düşünmək lazımdır".