USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maaşlar 7, pensiyalar 9 dəfə artırılıb - İLHAM ƏLİYEV

30.01.2019 İqtisadiyyat
0 0
“Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılıb. Əhalinin sayı isə 1,6 milyon artıb”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı bunun çox gözəl göstərici olduğunu nəzərə çatdırıb: "Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli olacaq".

İ. Əliyevin sözlərinə görə, bizim bütün iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib: "Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək. Bir neçə rəqəmi səsləndirmək istərdim. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılmışdır. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik".