Azərbaycan hakimiyyəti, nəhayət ki, ölkə mediasında ciddi dəyişikliklərlə nəticələnəcək islahatlara başlamağa qərar verib.
"Kommersant.az" xəbər verir ki, hazırda KİVDF-də fövqəladə iclas keçirilir. Toplantıda bu qurumun xətti ilə indiyədək dövlət tərəfindən maliyyələşdirilən qəzetlərin xeyli hissəsinə maliyyə yardımı ayrılmasının dayandırılmasına qərar veriləcək.
KİVDF-nin bu qərarının elanından sonra təxminən 10 qəzetin maliyyələşdirilməsi nəzərdə tutulur. Digərlərinin çap formasında fəaliyyətini dayandıraraq, elektron nəşrə keçmələri tövsiyə olunacaq.
Məlumata görə, maliyyə yardımı dayandırılacaq qəzetlər aşağıdakılardır: "Şərq", "Ədalət", "Unikal", Palitra", "Paralel", "Azad Azərbaycan", "Həftəiçi", "Bizim Yol", "Olaylar", "Üç Nöqtə", "Oxu Məni", "Hürriyyət", "Reytinq", "Hərbi And", "Türküstan", "İqtisadiyyat" və "Mövqe" qəzetləri.
Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə "Səs", "Yeni Azərbaycan", "Yeni Müsavat", "İki Sahil", "Kaspi", "Kaspiy", "525-ci qəzet", "Bakı Xəbər" və "Novoye Vremya"nın adları çəkilir.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə açıqlamasında qəzetinə maliyyə yardımının dayandırlmasını təsdiqləyib:
"Bizim qəzetə maliyyə yardımı dayandırıldı. Səbəbini bilmirəm və bu barədə şərh vermək istəmirəm. Yaxşı olar ki, bu məsələ ilə bağlı KİVDF-yə müraciət edəsiniz".
Xatırladaq ki, KİVDF sonuncu dəfə 32 qəzetə 28 dekabr 2018-ci il tarixdə 3 ay müddətinə maliyyə yardımı ayırıb. Ötən müddətdə bu nəşrlərdən "Eskspress" qəzeti çap fəaliyyətini dayandırıb.